Azərbaycan Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabında bildirib.
"ACWA Power"in İdarə Heyətinin sədri Məhəmməd Əbunəyyan ilə şirkətin ölkəmizlə birlikdə “yaşıl enerji" sahəsində həyata keçirdiyi layihələr və əməkdaşlığın genişləndirilməsi imkanları barədə müzakirə apardıq", - deyə o qeyd edib.
***
Nazirliyin bununla bağlı yaydığı məlumatda isə deyilir ki, M.Cabbarov görüşdə Azərbaycanın enerji sektoruna investorların cəlb edilməsinin, bərpa olunan enerjinin səmərəliliyinin, alternativ enerji mənbələrinin enerji sektorunda payının artırılmasının ölkəmizin iqtisadi inkişaf strategiyasında vacib məsələlərdən olduğunu qeyd edib.
Nazirin sözlərinə görə, bu istiqamətdə bərpa olunan enerji resursları sektorunda aparıcı şirkətlərdən olan “ACWA Power” şirkəti ilə əməkdaşlığa önəm verilir. Ötən il şirkət Azərbaycanda 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının inşasına başlanılıb və bu layihə Azərbaycanda bərpa olunan enerji baxımından gözlənilən böyük dəyişikliklərdən xəbər verir.
Görüşdə ölkəmizdə “yaşıl” enerji layihələrinin reallaşdırlması məqsədilə tətbiq olunan stimullar barədə məlumat verilib, şirkətin Azərbaycanda həyata keçirdiyi külək elektrik stansiyası layihəsinin icra vəziyyəti, Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması layihəsi, eləcə də SOCAR ilə potensial əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.