Azərbaycan 5 ayda qaz hasilatını 3 %-dən çox artırıb

Energetika
  • 11 iyun, 2024
  • 10:55
Azərbaycan 5 ayda qaz hasilatını 3 %-dən çox artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 3,2 milyard kubmetr təbii qaz hasil edib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin bu ilin yanvar-may ayları üzrə açıqladığı operativ məlumatlarında deyilir.

Bildirilib ki, SOCAR üzrə qaz hasilatının həcmi 2023-cü ilin ilk 5 ayı ilə müqayisədə 0,5 milyard kubmetr və ya 13,5 % azdır.

Ümumiyyətlə, 2024-cü ilin yanvar-may aylarında Azərbaycanda 20,9 milyard kubmetr təbii qaz hasil edilib. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 0,7 milyon kubmetr və 3,5 % artımla qaz hasil edilib.

Bildirilir ki, hasil edilən qazın 5,4 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan, 11,6 milyard kubmetri “Şahdəniz” yatağından, 0,65 milyard kubmetri “Abşeron” yatağından, hasil olunub.

2023-cü ilin ilk 5 ayı ilə müqayisədə AÇG-dən qaz hasilatı eyni qalıb. “Şahdəniz” yatağından qaz hasilatı isə 0,5 milyard kubmetr və ya 4,5 % artıb.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %), INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 29,99 %), "LUKoil" (19,99 %), TPAO (19 %), NİCO (10 %) "SGC Upstream" (21,02 %) şirkətləri iştirak edir.

"Abşeron" yatağı isə Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir. Bu, Xəzər dənizində "Şahdəniz" yatağından sonra ikinci böyük qaz yatağıdır.

"Abşeron" yatağı üzrə 2009-cu ildə Fransanın "Total" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında kontrakt imzalanıb. Bu ilin avqustun 4-də isə Abu Dabi Milli Neft Şirkəti (ADNOC) ilə "Abşeron" qaz-kondensat yatağında 30 %-lik iştirak payının əldə edilməsinə dair Saziş imzalanıb. Satınalma tamamlandıqdan sonra SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payları müvafiq olaraq 35 % təşkil edəcək.