Azərbaycan 5 ayda mazut istehsalını 56 dəfədən çox artırıb
- 17 iyun, 2025
- 15:23
Bu ilin yanvar-may aylarında Azərbaycanda 56,6 min ton mazut istehsal edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici 2024-cü ilin ilk 5 ayının göstəriciləri ilə müqayisədə 56,6 dəfə çoxdur.
Ümumilikdə, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalın ümumi dəyəri 2 milyard 36,1 milyon manat təşkil edib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,2 % azdır.
Bu müddət ərzində Azərbaycanda 549,3 min ton həcmində avtomobil benzini istehsal edilib ki, bu göstərici də 2024-cü ilin ilk 5 ayının göstəriciləri ilə müqayisədə 10,7 % azdır.
Bu ilin ilk 5 ayında ölkədə 938 min ton dizel yanacağı istehsal edilib ki, bu da ötən ilin yanvar-may aylarının göstəriciləri ilə müqayisədə 4,3 % azdır.
Hesabat dövründə 15 min ton sürtkü yağları, 87,6 min ton neft bitumu istehsal edilib. Ötən ilin ilk 5 ayı ərzində Azərbaycanda sürtkü yağlarının istehsalı 45,8 %, neft bitumunun istehsalı isə 7,1 % azalıb.
Həmçinin, hesabat dövründə ölkədə 92,6 min ton maye qazlar, 266,8 min ton ağ neft, 84,7 min ton neft koksu istehsal edilib. Son bir ildə Azərbaycanda maye qazların istehsalı 12,2 % artıb, neft koksunun istehsalı 12 %, ağ neftin istehsalı isə 0,3 % azalıb.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.