Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktor müavini Aygün Zeynalova "Report"a müsahibə verib. O ölkədə energetika sahəsində atılan addımlar, Azərbaycanın "Yaşıl enerji" potensialı və gələcək perspektivlər haqqında fikirlərini bölüşüb:
- Aygün xanım, bildiyiniz kimi dekabrın 17-də Rumıniyanın paytaxtı Buxarestdə “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Bu Sazişin Azərbaycan və Avropa üçün əhəmiyyəti nədən ibarətdir?
- Məlum olduğu kimi, Azərbaycan enerji təhlükəsizliyi baxımından Avropa İttifaqının strateji tərəfdaşıdır. 2022-ci ilin iyulun 18-də imzalanmış “Avropa İttifaqı və Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun müddəaları nəzərə alındıqda, Sazişin əhəmiyyətini xüsusi olaraq vurğulamaq lazımdır. Buxarestdə sazişin imzalanması yaşıl enerji dəhlizinin yaradılması istiqamətində atılan mühüm addımlardan biridir.
Ölkəmiz Avropanın elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilir, Azərbaycanın Avropa bazarına enerji ixracında yeni mərhələyə qədəm qoyduğundan xəbər verir. Hökumətlərarası saziş Azərbaycan və Rumıniya arasında “yaşıl enerji”nin ötürülməsi üçün Gürcüstan və Qara dənizdən keçəcək sualtı kabelin çəkilməsi layihəsinin reallaşdırılmasını nəzərdə tutur. Bu kabellə ötürülən elektrik enerjisinin daha sonra Macarıstana və Avropa nəqletmə sistemi vasitəsilə qitənin qalan hissəsinə nəql edilməsi planlaşdırılır.
Bundan əlavə, Saziş 4 ölkənin milli və regional enerji təhlükəsizliyinin, Qara dəniz hövzəsində əlaqələrin gücləndirilməsinə, enerji mənbələrinin şaxələndirilməsinə, Xəzər regionunun bərpa olunan enerji potensialından istifadəyə və ölkələrin milli enerji istehlakında bərpa olunan enerjinin payının artırılmasına dair maraqlar nəzərə alınmaqla hazırlanıb.
- Bərpa olunan və yaşıl enerji əsasında istehsal olunan elektrik ixracı Azərbaycanın enerji strategiyasında yeni era və mərhələ kimi qiymətləndirilir. Bu məsələ ilə bağlı sizin fikriniz maraqlıdır.
- Bildiyiniz kimi, son zamanlar bütün ölkələr davam edən geosiyasi gərginlik və iqtisadi qeyri-müəyyənlik şəraitində idxal olunan enerjidən asılılığını azaltmağa kömək etmək üçün bərpa olunan enerji proqramlarını sürətləndirir və “yaşıl enerji”nin vacibliyi daha da aktuallaşır. Eyni zamanda Avropada cari vəziyyət yeni enerji mənbələrinin tədqiq olunmasının vacibliyini göstərir. Bu aspektdən Azərbaycanın Avropanın enerji təchizatında fəal yer alması mühüm amillərdən biridir. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycanın enerji strategiyası 3 mərhələyə bölünüb.
İlkin mərhələdə dünyanın aparıcı neft şirkətlərinin Xəzər dənizində fəaliyyət göstərməsi, ölkəmizin beynəlxalq aləmdə neft ixrac edən ölkə kimi dünya bazarında enerji təchizatını şaxələndirməsini vurğulamaq olar. 2-ci mərhələdə nəhəng qaz yataqlarının istismarı ilə Avropanın enerji təchizatında xüsusi rolumuzu qeyd edə bilərik. 3-cü mərhələ isə bərpa olunan enerji mənbələrinə (BOEM) sərmayə qoyulması ilə bağlıdır.
Göründüyü kimi, hazırda ölkəmizin enerji strategiyasına uyğun olaraq bu istiqamətdə işlər inamla davam etdirilir, Azərbaycan neft və qazdan sonra elektrik enerjisinin təchizatında da Avropanın mühüm tərəfdaşı olduğunu bir daha sübut edir.
- Azərbaycan Avropanın mühüm elektrik enerjisi, əsasən, "yaşıl enerji" təchizatçısına çevrilməyi planlaşdırır, BOEM-dən istehsal ediləcək enerjinin 80 %-i ixrac olunacaq. Bu baxımdan Azərbaycanın bərpa olunan enerji potensialını necə qiymətləndirirsiniz?
- Bu gün ölkəmiz ilə Avropa arasında növbəti enerji körpüsü qurulur. Aparılmış araşdırmalara əsasən ölkəmizin bərpa olunan enerji potensialı ümumilikdə 27 QVt həcmində dəyərləndirilir ki, bunun da böyük bir hissəsi külək və günəş enerjisinin payına düşür. Mövcud potensialdan səmərəli istifadə məqsədilə artıq ölkəmizdə çoxsaylı bərpa olunan enerji layihələri həyata keçirilib, yeni BOEM layihələrinin həyata keçirilməsi istiqamətində ciddi addımlar atılır.
Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 7 937 MVt, iri su elektrik stansiyaları daxil olmaqla BOEM üzrə elektrik stansiyalarının gücü 1 278 MVt-dır ki, bu da ümumi gücün 17 %-ni təşkil edir. Eyni zamanda, ümumilikdə Xəzər dənizinin Azərbaycan sektorunun külək enerjisinin potensialı yüksək qiymətləndirilir. Belə ki, ilkin təhlillərə görə, Azərbaycanda dənizdə külək enerjisinin texniki potensialı 157 QVt səviyyəsində qiymətləndirilib. Bu potensialın 35 QVt hissəsi dəniz sahilinə yaxın dayazsulu ərazilərə, 122 QVt hissəsi isə 50 metrdən artıq dərinlikli hövzələrə uyğun gəlir. Göründüyü kimi, ölkəmizin yüksək bərpa olunan enerji potensialı xarici investorların bu sahə üzrə Azərbaycanla əməkdaşlıq imkanlanlarını genişləndirir.
- Səudiyyə Ərəbistanının investisiya naziri, iki ölkə arasında müştərək komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falih Komissiyanın Bakıda keçirilmiş 7-ci iclasında çıxışı zamanı Buxarestdə imzalanan sənədə toxunaraq ölkəsinin bu prosesə dəstək verməkdə maraqlı olduğunu qeyd etdi. Digər ölkələrin də bu prosesə cəlb edilməsi real görünürmü?
- Məlumdur ki, Azərbaycan Səudiyyə Ərəbistanı ilə bir çox sahələrdə, həmçinin bərpa olunan enerji sahəsində sıx əməkdaşlıq edir. Belə ki, Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında Xızı və Abşeron rayonlarının ərazisində 240 MVt gücündə külək elektrik stansiyasının (KES) tikintisinə dair bir sıra müqavilələr imzalanıb. Bununla yanaşı bərpa olunan enerji sahəsində Böyük Britaniyanın bp şirkəti, Birləşmiş Ərəb Əmirliyinin "Masdar" şirkəti, Avstraliyanın "Fortescue Future Industries" şirkətləri ilə də əməkdaşlıq edilir.
Daha öncədən qeyd etdiyimiz kimi, Buxarestdə imzalanmış Saziş yaşıl enerji dəhlizinin yaradılması istiqamətində atılan mühüm addımlardan biridir. Bu baxımdan, ölkəmizdəki münbit investisiya mühitini və geniş bərpa olunan enerji potensialını da nəzərə alaraq, xarici investorları ölkəmizdə “yaşıl enerji” sahəsinə sərmayələr yatırmağa dəvət edirik.
- Azərbaycanın enerji ixracına işğaldan azad edilmiş torpaqların və Zəngəzur dəhlizinin potensialından istifadə necə təsir edə bilər?
- Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilər də BOEM-lə olduqca zəngindir və bu ərazilərin yerləşdiyi əlverişli coğrafi mövqe bu potensialdan kifayət qədər istifadə etməyə şərait yaradır. İlkin qiymətləndirmələrə əsasən, işğaldan azad edilmiş ərazilərdə 7 200 MVt-dan çox günəş, 2 000 MVt-a dək külək enerjisi üzrə potensial mövcuddur. Günəş enerjisi potensialı ilə Füzuli, Cəbrayıl, Zəngilan rayonları, külək enerjisi ilə isə əsasən dağlıq rayonlar olan Laçın, Kəlbəcər rayonları zəngindir. Bildiyiniz kimi, artıq Cəbrayıl rayonu ərazisində 240 MVt gücündə günəş enerjisi layihəsi üzrə müvafiq İcra Müqaviləsi imzalanıb. Laçın və Kəlbəcər rayonları ərazisində isə 400 MVt-a dək gücdə KES-in tikintisi layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.
Bundan əlavə olaraq ölkə Prezidentinin tapşırığına əsasən işğaldan azad edilmiş əraziləridə "Yaşıl enerji" zonası yaradılması nəzərdə tutulub. Bununla əlaqədar olaraq, 6 may 2021-ci ildə Energetika Nazirliyi ilə Yaponiyanın TEPSCO şirkəti arasında imzalanmış müqavilənin icrası çərçivəsində "Yaşıl Enerji Zonası" Konsepsiya layihəsi hazırlanıb və artıq hökumətə təqdim edilib.
Zəngəzur dəhlizi digər infrastruktur layihələri ilə yanaşı enerji növlərinin ixrac edilməsi ilə bağlı da mühüm rola sahib olacaq. Bu dəhliz vasitəsi ilə gələcəkdə Türkiyə və Avropaya enerji ixrac edilməsi də nəzərdə tutulur. Belə ki, “Cəbrayıl” enerji qovşağının yaradılması, elektrik veriliş xətlərinin Zəngəzur dəhlizindən keçməklə Naxçıvan MR-na çəkilməsi ilə elektrik enerjisinin Türkiyəyə, oradan da Avropa bazarına ixrac edilməsi Azərbaycanın iqtisadi və geosiyasi rolunu daha da artıracaq, ölkəmizin iqtisadi inkişafına öz töhfəsini verəcək.