Avstriya şirkətləri üçün Azərbaycanda işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji sahəsində əməkdaşlıq üçün potensial mövcuddur.
“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycan və Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 10-cu iclası çərçivəsində ölkəmizdə səfərdə olan Avstriya şirkətləri ilə keçirilən görüşdə bildirilib.
Avstriyanın Rəqəmsal və İqtisadi İşlər üzrə Federal Nazirliyinin Xarici İqtisadi Əlaqələr Qrupunun rəhbəri, Azərbaycan-Avstriya Qarışıq Komissiyasının qarşı tərəfdən həmsədri Franz Vessiqin rəhbərlik etdiyi nümayəndə heyətinə Azərbaycanda “yaşıl enerji”dən istifadənin genişləndirilməsi üzrə qarşıya qoyulan strateji hədəflər barədə məlumat verilib.
Ölkəmizin bərpa olunan enerji potensialı, o cümlədən dənizdə külək enerjisi resursları, sahə üzrə institusional mühit və müəyyən edilmiş hədəflərin reallaşdırılması istiqamətində atılmış addımlar, gələcək planlar və s. kimi məsələləri özündə ehtiva edən təqdimat nümayiş etdirilib. Görüşdə iştirak edən şirkətlər tərəfindən öz profilləri və fəaliyyət istiqamətləri haqqında geniş məlumat verilərək, işğaldan azad olunmuş ərazilərdə günəş enerjisi və hidroenerji sahələrində potensial əməkdaşlıq imkanlarının ətraflı öyrənilməsinə maraq ifadə edilib.