“Carbon Limits” şirkətinin “Methane Inventory Systematic Tool” (MIST) layihəsi Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlıq nəticəsində hazırlanıb.
“Report” xəbər verir ki, bunu “Carbon Limits”in baş məsləhətçisi Anastasiya İsayenko “Bakı İqlim Fəaliyyəti Həftəsi”nin üçüncü günündə keçirilən panel müzakirələrində deyib.
Onun sözlərinə görə, Mərkəzi Asiyada fəal şəkildə istifadə olunan MIST metan emissiyalarının idarə edilməsində bütün neft-qaz şirkətləri üçün əlçatan olan pulsuz alətdir.
"Carbon Limits” şirkəti artıq bir neçə ildir Mərkəzi Asiyada fəaliyyət göstərir və müxtəlif maraqlı tərəflərlə, o cümlədən hökumətlər və milli neft-qaz şirkətləri ilə əməkdaşlıq edir. MIST layihəsi bu şirkətlərə metan emissiyalarını daha effektiv idarə etməyə kömək etmək məqsədilə hazırlanıb. Hər şey təxminən üç il əvvəl, istifadəsi asan olan və emissiya mənbələri səviyyəsində inventarizasiya aparmağa kömək edəcək alətin yaradılmasının zəruriliyini dərk etdiyimiz zaman başlayıb. Bu, emissiyaların dəqiq qiymətləndirilməsi və azaldılması üçün müvafiq texnologiyaların seçilməsində vacib rol oynayır”, - A.İsayenko qeyd edib.
O vurğulayıb ki, MIST əvvəlcə metanın inventarizasiyası aləti kimi nəzərdə tutulsa da, zaman keçdikcə şirkətlərə təkcə emissiya mənbələrini müəyyən etməyə və qiymətləndirməyə deyil, həm də onların azaldılması üçün strategiyalar hazırlamağa imkan verən emissiyaları idarəetmə sisteminə çevrilib.