“Petkim” olaraq COVID-2019-dan əvvəl planlaşdırdığımız satış hədəflərimizə pandemiya şərtlərinə rəğmən çatdıq.
“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki yatırımı olan “Petkim”in baş direktoru Anar Məmmədov 2020-ci ilin üçüncü rübü maliyyə nəticələrini dəyərləndirilkən bildirib.
Onun sözlərinə görə, “Petkim” neft-kimya sektorunda koronavirus pandemiyası dövründə iş tempini itirməyib: “Neft və kimyəvi xam maddələrə olan tələbat digər sahələrə görə daha az pandemiyanın təsirinə məruz qalıb. Xüsusilə, başda qablaşdırma sektoru və tibbi məhsullar olmaqla, bir çox sahələrdə istifadə edilən termoplastik məhsullara tələb məhdud şəkildə təsir edib”.
O bildirib ki, bu ilin doqquz aylıq dövründə pandemiya və qlobal şərtlərin təsiri ilə məhsul qiymətlərində 25% azalma olmasına baxmayaraq, ötən ilin eyni dövrü ilə müqayisədə mənfəətimiz 36% artaraq 311 milyon türk lirəsinə (36,7 mln ABŞ dolları) çatıb.
A.Məmmədov deyib ki, keçən ilin doqquz ayında istehsal etdikləri məhsullarla yanaşı ümumi satışların 29%-ni təşkil edən neft-kimya məhsullarının satışında olduqca yaxşı rəqəmlər əldə edilib: “Beləliklə, Türkiyənin cari hesab kəsirinin azaldılmasında pay sahibi olduq. “Petkim"in əldə etdiyi yüksək nəticədə rəqəmsal investisiyalarımıza bağlı olaraq istehsal müddətinin inkişaf etdirilməsi ilə təmin etdiyimiz məhsuldarlıqla yanaşı doğru qiymətləndirmə və əməliyyat xərclərinin optimallaşdırılmasının təsiri olub”.
“Petkim”in rəhbəri vurğulayıb ki, bu arada, dünya miqyasında ticarətin axsadığı bir dövrdə “Petkim” ehtiyacı olan əsas xam maddə olan naftanı “Star” neft emalı zavodundan fasiləsiz və yüksək keyfiyyətdə təmin etməyə davam edib: “STAR” neft emalı zavodu yaranmış sineji ilə pandemiya dövründə Türkiyənin ehtiyacı olan neft-kimya məhsullarını fasiləsiz olaraq istehsal edə bildi”.