Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Türkiyənin İzmir şəhərinin Əliağa yarımadasında inşa edilən "Star Rafineri" neft emalı zavodu (NEZ) istehsalını azaltmayıb.
“Report”un məlumatına görə, bunu SOCAR-ın Türkiyədəki yatırımı olan “Petkim”in baş direktoru, “SOCAR-Türkiyə Emal və Neft Kimya İş Birliyi”nin rəhbəri Anar Məmmədov bu gün keçirilən onlayn görüşdə jurnalistlərə bildirib.
Onun sözlərinə görə, koronavirus pandemiyası zamanı zavod istehsal konfiqurasiyasını dəyişib: “Zavodda dizel yanacağının istehsalına üstünlük verilib. Hazırda STAR-da tam güclə istehsal davam etdirilir".
A.Məmmədov onu da qeyd edib ki, zavodda 2021-ci ildə istehsal gücünü artırmaqla əhəmiyyətli bir dəyər yaratmaq üçün işlər davam etdiriləcək.
O qeyd edib ki, “Petkim” şirkəti 2020-ci ildə bütün dünyada hökm sürən koronavirus pandemiyasından ziyan görmədi: “Əksinə, bu il “Petkim”in istehsal etdiyi məhsullara Türkiyədə tələbat artıb. 2021-ci ildə biz bu yüksək tendensiyanın davam edəcəyinə inanırıq”.
O həmçinin vurğulayıb ki, gələn il üçün yeni adda məhsulların istehsal edilməsi nəzərdə tutulmur.