Ağ Ev: İGB Şərqi Avropaya qaz tədarükünün şaxələndirilməsi deməkdir

Ağ Ev: İGB Şərqi Avropaya qaz tədarükünün şaxələndirilməsi deməkdir Azərbaycan təbii qazını Bolqarıstana ötürəcək Yunanıstan-Bolqarıstan İnterkonnektoru (İnterconnector Greece – Bulgaria: IGB) layihəsinin həyata keçirilməsi nəticəsində Bolqarıstan regionun enerji liderinə çevriləcək.
Energetika
28 Noyabr , 2019 17:11
Ağ Ev: İGB Şərqi Avropaya qaz tədarükünün şaxələndirilməsi deməkdir

Azərbaycan təbii qazını Bolqarıstana ötürəcək Yunanıstan-Bolqarıstan İnterkonnektoru (İnterconnector Greece – Bulgaria: IGB) layihəsinin həyata keçirilməsi nəticəsində Bolqarıstan regionun enerji liderinə çevriləcək.

“Report” xəbər verir ki, bu barədə Bolqarıstanın baş naziri Boyko Borisov və ABŞ prezidenti Donald Trampın Ağ Evin saytında yerləşdirilən birgə bəyanatında bildirilir.

“Biz enerji mənbələrinin şaxələndirilməsinin iqtisadiyyatlarımızın enerji təhlükəsizliyinə, müstəqilliyinə, rəqabətə davamlı olmasına zəmanət verdiyinə dair müştərək qənaətimizi vurğulayırıq”, – bəyannamədə qeyd olunub. Sənəddə İGB kəmərinin regionun enerji təhlükəsizliyi baxımdan əhəmiyyəti qeyd edilir.

“Bolqarıstanın İGB layihəsində iştirak etməklə, Yunanıstanın Aleksandrupolis limanındakı LNG saxlanması və qazlaşdırılması üçün üzən qurğudakı pay və ehtiyatlar əldə etməklə, daxili qaz bazarını sərbəstləşdirməklə, qaz saxlama imkanlarını artırmaqla, daha bir interkonnektor tikmək üçün Serbiya ilə çalışmaqla, Avropa İttifaqının qaydalarına əsasən Şərqi Avropaya qaz idxalını şaxələndirmək üçün Trans Balkan Boru Kəmərinin ötürücü gücünü artırmağa sərmayə yatırmaqla regionun təbii qaz mərkəzinə çevrilmək səylərini alqışlayırıq. Bütün bu addımlar Bolqarıstanın enerji təhlükəsizliyini xeyli yaxşılaşdırar, yerli istehlakçılar üçün enerji məsrəflərini azaldar, Bolqarıstanı enerji sahəsində regionun lider ölkəsinə çevirər”, – deyə sənəddə göstərilir.

Qeyd edək ki, İGB Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil edilən təbii qazın Bolqarıstana nəqlini nəzərdə tutur. Trans-Adriatik Boru Kəmərinə (TAP) qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 faizini ödəyə biləcək. İGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir. İGB-nin sərmayə dəyəri 220 milyon avrodur.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Boru kəmərinin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi