AÇG-nin payçısı özünün neft emalı zavodunda “Azeri Light”dan istifadə edəcək

Energetika
  • 28 mart, 2023
  • 11:37
AÇG-nin payçısı özünün neft emalı zavodunda “Azeri Light”dan istifadə edəcək

Macarıstanın MOL şirkəti aprel ayında Slovakiyanın Bratislava şəhərində yerləşən “Slovnaft” neft emalı zavodunda emal prosesində Azərbaycanın “Azeri Light” neftindən istifadə edəcək.

Bu barədə “Report” Macarıstan mətbuatına istinadən xəbər verir.

Bildirilir ki, bu, “MOL Group”un 9,57 % paya malik olduğu “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil etdiyi Azərbaycan neftinin “Slovnaft” neft emalı zavodunda emal ediləcəyi ilk təcrübə olacaq.

Bu, şirkətin neft tədarükünün çevikliyini yaxşılaşdırmaq səylərində mühüm addımdır.

Bundan əlavə, 90 min ton xam neftin “Seavelvet” tankeri ilə Türkiyənin Ceyhan limanından Xorvatiyanın Omişal limanına gətirilməsi və daha sonra Adria boru kəməri ilə Bratislavaya daşınması MOL Qrupu üçün uğur hekayəsidir.

“MOL Group”un Emal və marketinq üzrə icraçı vitse-prezidenti Qabriel Sabo bildirib ki, “Azeri Light” markalı neftin bu partiyasının gətirilməsi şirkət üçün müstəsna hadisədir: “Çünki bu, xam neft tədarükçülərinin seçimində çevikliyimizi bir daha nümayiş etdirir. MOL tədarükünü regional təhlükəsizliyə diqqət yetirir. Bunun üçün də biz Mərkəzi və Şərqi Avropa regionunu öz neftimizlə təmin etməkdə töhfəmizi verməkdən xüsusilə məmnunuq”.

“MOL Group”un Kəşfiyyat və hasilat üzrə icraçı vitse-prezidenti Jombor Marton isə bildirib ki, bu tədarük mühüm mərhələdir: “Çünki, Azərbaycanın AÇG neft yatağının əsas səhmdarı olmaq qərarımızı bir daha əsaslandırır. Neft emalı zavodlarımızı Avropadan kənarda hasil edilən xam neftlə təmin etmək imkanı bizə sürətli dəyişiklik dövründə əlavə davamlılıq yaradır. Bizim Avropanın enerji təhlükəsizliyinə töhfə vermək üçün AÇG yatağından çıxarılan neft payımızı satmaq və ya onu əsas regionumuza göndərmək barədə qərar vermək imkanımız var”.

O bildirib ki, bundan əlavə, bu, “MOL Group”un əsas bölmələri, “Upstream” və “Downstream” arasında əməkdaşlığı gücləndirmək üçün əla fürsətdir.

Xatırladaq ki, “MOL Group” AÇG nefti ilə neft məhsullarının sınaq istehsalına aprel ayında başlanacaq. Bu, “Slovnaft” zavodunda Yaxın Şərq və Xəzər regionundan bir neçə növ neftin uğurlu sınaqlarından sonra baş verib.

Qeyd edək ki, “MOL Group” Azərbaycan ilə Mərkəzi və Şərqi Avropa arasında getdikcə daha mühüm iqtisadi əlaqəyə çevrilməyi hədəfləyir. 2020-ci ildə şirkət Azərbaycanda ən flaqman yataqlardan biri olan AÇG-də 9,57 %, BTC boru kəmərində isə 8,9 % pay alıb. Şirkət BP və Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) sonra AÇG layihəsində üçüncü ən böyük investordur. Bu yataq “MOL Group”un ümumi hasilatının 15 %-ni və ümumi ehtiyatlarının 25 %-ni təşkil edir. BTC boru kəməri “MOL Group”un Slovakiyanın Bratislava, eləcə də Macarıstanın Sazhalombatta şəhərindəki neft emalı zavodlarına MOL neftinin tədarükündə mühüm rol oynaya bilər.

Son xəbərlər

Bütün Xəbər Lenti