AÇG-dən SOCAR-a ötürülən səmt qazının həcmi 9 %-dən çox artıb
- 01 avqust, 2024
- 10:56
Bu ilin birinci yarısında “BP Exploration (Caspian Sea) Limited” şirkəti “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən 1,2 milyard kubmetr səmt qazını Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) tədarük edib.
Bu barədə "Report"a layihənin operatoru "BP Exploration (Caspian Sea) Limited" şirkətindən məlumat verilib.
Ötən ilin yanvar-iyun aylarında AÇG-dən SOCAR-a ötürülən səmt qazı 1,1 milyard kubmetr olub. Belə ki, 2024-cü ilin birinci yarısında bu göstərici 9,1 % artıb.
“2024-cü ilin yanvar-iyun aylarında biz SOCAR-a gündəlik orta hesabla 6,4 milyon kubmetr (2023-cü ilin birinci yarısında - gündəlik orta hesabla 6 milyon kubmetr) səmt qazı tədarük etdik. AÇG blokundan hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq üçün kollektora yenidən vurulub”, - layihənin operatoru olan "BP Exploration (Caspian Sea) Limited" şirkəti qeyd edib.
AÇG blokundan səmt qazı SOCAR-a təmənnasız verilir.