AÇG-dən hasilatın həcmi açıqlanıb

Energetika
  • 07 avqust, 2025
  • 13:24
AÇG-dən hasilatın həcmi açıqlanıb

Bu ilin yanvar-iyun aylarında Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) yataqlar blokunda gündəlik orta hesabla 327 min barel və ya ümumilikdə təxminən 59 milyon barel (8 milyon ton) neft hasil olunub.

Bu barədə “Report” blokun operatoru olan “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə bu ilin ilk yarım ili üzrə biznesə dair yaydığı məlumata istinadən xəbər verir.

AÇG-dən hasilat “Çıraq” (21 min barel), “Mərkəzi Azəri” (86 min barel), “Qərbi Azəri” (75 min barel), “Şərqi Azəri” (42 min barel), “Dərinsulu Günəşli” (54 min barel), “Qərbi Çıraq” (24 min barel) və “Şərqi-Mərkəzi-Azəri” – ACE (25 min barel) platformalarından həyata keçirilib.

AÇG-dən hasilatın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə gündəlik 9 min barel və ya ümumilikdə təxminən 2 milyon barel və ya 3,3 % azdır.

Fevralın 18-i AÇG layihəsi “Mərkəzi Azəri” platformasından ilk neftin əldə olumasının 20 illiyini qeyd edib. Həmin vaxtdan platformadan ümumilikdə 1,1 milyard barel (152 milyon ton) neft hasil edilib.

İkinci rübdə AÇG layihəsi, təxminən dörd illik fasilədən sonra “Çıraq” platformasından laylara su vurulması prosesini uğurla bərpa edib. Bunun üçün platformada bir sıra vacib yenilənmə işləri həyata keçirilib. Suvurma nasosları yenidən layihələndirilib və modifikasiya olunub, idarəetmə sistemi yenidən qurulub, həmçinin yeni bir su injektor quyusu qazılıb. Bu quyu “Çıraq” platformasında ilk dəfə olaraq ayrıca dizel generatoruna ehtiyac olmadan, mövcud üst tikililər və qazma generatorlarının istehsal etdiyi elektrik enerjisi ilə qazılıb.

Bundan əlavə, ikinci rübdə AÇG layihəsi çərçivəsində ACE platformasından ilk qaz injektoru quyusu təhlükəsiz şəkildə və qrafikə uyğun işə salınıb.

İyun ayının sonunda AÇG-də ümumilikdə 143 neft hasilat quyusu, 46 su injektor quyusu və 10 qaz injektor quyusu istismarda olub.

Son xəbərlər

Bütün Xəbər Lenti