AÇG-dən hasilat 9 % azalıb
- 04 avqust, 2022
- 08:40
Bu ilin I yarısında Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) yataqlar blokunda hasilatın həcmi ötən ilin müvafiq dövrünə nisbətən 9,4 % azalıb.
“Report” xəbər verir ki, xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin əməliyyatçılar adından II rüb üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.
2022-ci ilin birinci yarısında AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. Rüb üçün AÇG-dən ümumi hasilat – "Çıraq" (25 000 barel), "Mərkəzi Azəri" (108 000 barel), "Qərbi Azəri" (109 000 barel), "Şərqi Azəri" (62 000 barel), Dərinsulu Günəşli (78 000 barel) və Qərbi Çıraq (42 000 barel) platformalarından birlikdə – gündə orta hesabla 424 000 barel və ya ümumilikdə təxminən 77 milyon barel, yəni 10 milyon ton olub.
İkinci rübün sonunda AÇG-də ümumilikdə 136 neft hasilat quyusu, 37 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.
AÇG-nin illik iş proqramının bir hissəsi olaraq ikinci rübdə Şərqi Azəri platformasında planlaşdırılmış profilaktik işlər proqramı uğurla həyata keçirilib.
Plana əsasən Şərqi Azəri platformasından hasilat təxminən 15 gün ərzində dayandırılıb ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin. Platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan uzun müddət istismar qabiliyyətini davam etdirə bilməsi məqsədilə aparılan bu proqram tam təhlükəsiz şəkildə və vaxtında başa çatdırılıb.
İkinci rübdə həmçinin Çıraq Qazlift layihəsi də təhlükəsiz və büdcəyə uyğun şəkildə tamamlanıb. Layihə çərçivəsində obyektin təhlükəsiz istismarını təmin edəcək mühüm modifikasiyalar həyata keçirilib ki, bu da insan müdaxiləsi və əməliyyat prosedurlarından asılılığı azaltmaqla artıq təzyiq riskinin idarə edilməsinə kömək edəcək. İl ərzində yeni Qazlift paylama sistemi hasilat cədvəlinə uyğun olaraq platformanın digər seçilmiş quyularına da tətbiq olunacaq.
Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.