“Abşeron” yatağından qaz hasilatına başlanmasının vaxtı açıqlanıb

Energetika
  • 08 oktyabr, 2021
  • 06:04
“Abşeron” yatağından qaz hasilatına başlanmasının vaxtı açıqlanıb

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensan yatağından ilk qaz hasilatı 2022-ci ilin iyul ayında əldə olunması nəzərdə tutulur.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) saytında dərc olunan şirkətin 2020-ci il üzrə illik hesabatında deyilir.

Hesabata əsasən, hazırda yataqda sualtı boru kəmərinin çəkilməsi, emal və qəbuledici platformanın tikintisi və avadanlıqların quraşdırılması işləri aparılır: "2020-ci ildə layihənin icra planına uyğun olaraq mühəndis-geoloji işlər, təchizat işləri, boru xətlərinin çəkilməsi başa çatdırılıb. Dayaq bloklarının tikintisi işləri yekunlaşdırılıb və hazırda quraşdırma işləri davam etdirilir”.

Bildirilir ki, yatağın 1-ci mərhələ üzrə işlənməsi proqramına uyğun konsepsiyanın seçilməsi işləri aparılıb: “Ötürücü xətlərin “Neft Daşları” infrastrukturuna qoşulması məqsədilə aparılacaq texniki işlərin yerinə yetirilməsinə 2021-ci ilin əvvəlində başlanılıb. Yataqdan ilk qaz hasilatının 2022-ci ilin iyul ayında əldə olunması nəzərdə tutulur”.

Qeyd edək ki, 2016-cı il noyabrın 21-də SOCAR və Fransanın “Total” şirkəti arasında “Abşeron” qaz-kondensat yatağının işlənməsi üzrə I mərhələnin əsas müqavilə və kommersiya şərtlərinin müəyyən edilməsi haqqında saziş imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (50 %) və “Total” (50 % – operator) şirkətləridir. Müqavilə 30 il müddətinə imzalanıb. Müqavilə sahəsi 747 kv. km təşkil edir.

“Abşeron” bloku Bakıdan 100 km məsafədə, dənizin 500 metr dərinliyində yerləşir. Yataq 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat ehtiyatına malikdir.

2019-cu ildə SOCAR və “Total” “Abşeron” yatağında 7 411 metr dərinlikdə ABD-001 hasilat və qiymətləndirmə quyusunda qazma işlərini başa çatdırıb. Qazma işlərinə 2018-ci ilin may ayında başlanılıb və Heydər Əliyev adına yarımdalma qazma qurğusu vasitəsilə həyata keçirilib.

Layihə çərçivəsində illik 5 milyard kubmetr qaz hasil oluna bilər. Birinci mərhələ çərçivəsində hasil olunan qazın tam həcmi daxili bazara yönəldiləcək. Yataqda, həmçinin gündəlik 10 min barrelə yaxın kondensat hasil olunacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti