“Abşeron” yatağından 7 ayda 0,9 milyard kubmetr qaz hasil edilib

Energetika
  • 09 avqust, 2024
  • 06:47
“Abşeron” yatağından 7 ayda 0,9 milyard kubmetr qaz hasil edilib

JOCAP (“Joint Operating Company of Absheron Petroleum B.V.”) əməliyyat şirkəti bu ilin yanvar-iyul aylarında “Abşeron” qaz-kondensat yatağından 900 milyon kubmetr qaz hasil edib.

Bu barədə “Report”a Energetika Nazirliyindən məlumat verilib.

“Operativ məlumatlara görə, bu ilin yanvar-iyul aylarında “Abşeron” yatağından 900 milyon kubmetr təbii qaz və 340 min ton kondensat hasil edilib”, - məlumatda bildirilib.

Xatırladaq ki, 2023-cü ildə JOCAP “Abşeron” yatağından 0,8 milyard kubmetr təbii qaz və 0,3 milyon ton kondensat hasil edib.

Bu il I faza çərçivəsində sözügedən yataqda qaz hasilatı pik səviyyəyə çataraq 1,5 milyard kubmetr təşkil etməlidir, kondensat hasilatı isə 523 min ton həcmində gözlənilir.

“TotalEnergies” və SOCAR 2023-cü il iyulun 10-da “Abşeron” qaz-kondensat yatağının işlənməsinin İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə hasilata başlanıldığını elan edib. Hazırda hasilat “Abşeron” yatağının işlənməsinin I mərhələsi çərçivəsində həyata keçirilir. Qazın Azərbaycanın daxili bazarına satılacağı nəzərdə tutulur.

“Abşeron” yatağını azərbaycanlı geoloqlar 1960-cı illərdə kəşf edib və Xəzər dənizində “Şahdəniz” yatağından sonra ikinci böyük qaz yatağıdır. Yataq 350 milyard kubmetr qaz ehtiyatına malikdir.

Son xəbərlər

Bütün Xəbər Lenti