2020-ci ildə AÇG-dən hasilat 9 %-dən çox azalıb

2020-ci ildə AÇG-dən hasilat 9 %-dən çox azalıb ​​​​​​​2020-ci ildə “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) yataqlar blokundan stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib.
Energetika
4 Fevral , 2021 10:41
2020-ci ildə AÇG-dən hasilat 9 %-dən çox azalıb

2020-ci ildə Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) yataqlar blokundan stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib.

“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə 2020-ci ilin nəticələri üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Məlumata görə, 2020-ci İl üçün AÇG-dən ümumi hasilat – “Çıraq” (34 900), “Mərkəzi Azəri” (113 200), “Qərbi Azəri” (118 900), “Şərqi Azəri” (64 200), “Dərinsulu Günəşli” (95 400) və “Qərbi Çıraq” (50 400) platformalarından birlikdə – gündə orta hesabla 477 000 barel və ya ümumilikdə təxminən 175 mln barel, yəni 23,6 mln ton olub. 2020-ci il ərzində AÇG üzrə hasilat 2019-cu ilin müvafiq dövründən 9,23 % az olub.

İlin sonunda AÇG-də ümumilikdə 127 neft hasilat quyusu, 45 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.

2020-ci ildə AÇG-də 11 neft hasilat və 2 suvurma quyusu qazılmışdır.

Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

Son xəbərlər

Orphus sistemi