Bakı. 4 dekabr. REPORT.AZ/ "2017-ci ilin 11 ayı ərzində Azərbaycan və ona həmsərhəd olan ərazilərdə 9 min yeraltı təkan qeydə alınıb".
Bunu "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı deyib.
"Bunlardan 3642-si yerli, yəni Azərbaycan ərazisində baş verən zəlzələlərdir. Beş mindən çoxu isə Azərbaycan və ona bitişik ərazilərdə baş verən zəlzələlərdir. Bu il respublika ərazisində 25 hiss olunan zəlzələ olub", - mərkəz rəsmisi bildirib.
V.Rafiqqızı qeyd edib ki, zəlzələlərin statistikası dinamikdir, tez-tez dəyişir: "Yerin təkində hər gün onlarla hiss olunmayan təkanlar olur və bu təkanların olması yaxşıdır, çünki enerji boşalması gedir. Seysmik zonalarda sakitlik yarananda artıq narahatlıq olur, çünki enerji yığılır".