Bakı. 25 oktyabr. REPORT.AZ/ Bakı Slavyan Universitetində (BSU) “Qarabağın müsəlman azərbaycanlı elitası siyasi təlatümlər içərisində və müasirləşmə yolunda” kitabının təqdimatı keçirilib.
Bu barədə "Report"a Elmin İnkişafı Fondunun mətbuat xidmətindən məlumat verilib.
Bildirib ki, kitab Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 1-ci “Şuşa qrantı” beynəlxalq müsabiqəsinin qalibi olan “Qarabağ elitası: Qarabağın yeni dövr azәrbaycanlı elitası modernlәşmә prosesi vә mütәmadi siyasi dönüşlәr arasında (18-ci әsrin sonu - 20-ci әsrin sonu)” qrant layihəsi çərçivəsində nəfis tərtibatla alman dilində nəşr olunub. Layihə rəhbərləri Azad Qəribov və Yeva-Mariya Auxdur.
Kitabın müəllifləri Almaniyanın Berlin Humboldt Universitetinin “Azərbaycan tarixi” kafedrasının rəhbəri, professor Yeva-Mariya Aux (Eva-Maria Auch) və professor Rasim Mirzəyevdir.
Kitab Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 100 illik yubileyinə töhfə olaraq nəşr olunub. Kitab ölkənin kitabxanalarına, elmi-tədqiqat təşkilatları və universitetlərinə və müxtəlif qurumlara təmənnasız olaraq veriləcək.
Elmin İnkişafı Fondunun və Bakı Slavyan Universitetinin “Azərbaycan ədəbiyyatı” kafedrasının birgə təşkilatçılığı ilə keçirilən təqdimat mərasimini BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov açaraq kitabın elmi-siyasi əhəmiyyətindən ətraflı danışıb, alman dilində belə bir kitabın ərsəyə gəlməsini dünyanın Qarabağ həqiqətləri ilə tanış olmasında yeni bir addım kimi dəyərləndirib. BSU-nun “Azərbaycan ədəbiyyatı” kafedrasının müdiri, professor Rəhilə Qeybullayeva çıxış edərək bu əsərin dəyərli layihələrdən biri olduğunu bildirib.
Tədbirdə çıxış edən Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev vurğulayıb ki, bir neçə illik gərgin əməyin məhsulu olan kitab Qarabağın azərbaycanlı elitasının inkişaf tarixini bütün əhəmiyyəti ilə almandilli alim və oxucu auditoriyasına çatdırmağa xidmət edəcək. Kitabdakı məlumatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində Qarabağın Azərbaycana məxsusluğunun tarixi faktlarla sübutu baxımından da mühüm əhəmiyyətə malikdir. Kitab kollektiv bioqrafiyanın geniş analizi vasitəsi ilə almandilli ölkələrin ictimaiyyətinə, bütövlükdə beynəlxalq ictimaiyyətə Azərbaycanın mənəvi-mədəni mərkəzlərindən biri olan Qarabağda müsəlman azərbaycanlı elitasının milli düşüncənin və dövlətçiliyin təşəkkülündəki müstəsna rolunu faktlarla göstərir, Qarabağ regionundakı maariflənmə və milli hərəkatda fəalların rolu haqqında araşdırmaları da əhatə edir. Qarabağın tarixinin və onun zəngin mədəni irsinin təbliği baxımından olduqca önəmli olan bu kitabdan, eyni zamanda Berlin Humboldt Universitetinin “Azərbaycan tarixi” kafedrası üçün vacib tədris materialı kimi də istifadə olunacaq. O, kitabın tezliklə dünyanın digər dillərinə tərcüməsinin vacibliyini vurğulayıb. Elçin Babayev dəyərli məlumat bazası rolunu oynayan kitab üzrə tədqiqatların qrant layihələri yolu ilə davam etdirilməsi üçün alimlərə, xüsusilə gənc tədqiqatçılara çağırış edib.
Sonra kitabın həmmüəllifi, professor Yeva-Mariya Aux çıxış edərək əsərin ərsəyə gəlməsi tarixindən, yanaşmalardan, mahiyyətindən və elmi əhəmiyyətindən danışıb, sualları cavablandırıb.
Tədbirdə BSU-nun Beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Habil Məmmədov, "Mütərcim" Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzinin icraçı direktoru Əliş Ağamirzəyev, Pedaqoji fakültənin dekanı, professor Flora Naci və digərləri çıxış edərək kitab haqqında fikirlərini bildiriblər.