Yuxarı
    Bağlamaq

    Bakıda “Universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasəti” mövzusunda beynəlxalq seminar başlayıb

    Tədbiri bir neçə dövlət orqanı birlikdə təşkil edib© Report.az

    Bakı. 29 iyun. REPORT.AZ/ Bakıda Müəllif Hüquqları Agentliyi, Təhsil Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə təşkilatçılığı ilə “Universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasəti” mövzusunda beynəlxalq seminar başlayıb. 

    “Report” xəbər verir ki, seminarda çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, hər bir təhsil müəssisəsinin düzgün qurulmuş innovasiya siyasəti olmalıdır: “Təhsil, elm və innovasiya arasında qarşılıqlı əlaqələrin qurulması vacibdir. Hazırda ali təhsil müəssisələrində innovasiya mərkəzlərinin inkişaf etdirilməsi istiqamətində işlərə dəstək veririk”.

    O bildirib ki, magisturaya daxil olan oğlanlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi nəticəsində magisturaya qəbul olanların sayı əhəmiyyətli dərəcədə artıb. Onun sözlərinə görə, ötən il magisturaya daxil olan oğlanların sayı 4700-dən az idisə, bu il onların sayı 6000-dən çox olub.

    M.Cabbarov qeyd edib ki, Azərbaycanda universitetlərdə piratçılığa qarşı mübarizə aparılsa da, bu işlərin kompleks şəkildə görülməsi vacibdir.

    Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov məruzə ilə çıxış edib, görülən işlərdən danışıb.

    Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bildirib ki, seminar aktuallığına görə, Azərbaycanın qarşısında duran yeni, innovasiyalarla bağlı çağırışlara adekvat cavab axtarışı ilə əlaqəlidir: “Hazırda Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə məsələlərə aid böyük əməkdaşlıq sazişinin bağlanması gözlənilir.

    Bununla yanaşı, ali tədris və elm ocaqlarında tədqiqatların tətbiqinin kommersiyalaşması və intellektual məhsulun bazara çıxarılmasına aid Müəllif Hüquqları Agentliyi  tərəfindən bir sıra elmi-metodik göstərişlər və təlimatlar hazırlanaraq, maraqlı tərəflərə çatdırılıb. Həmçinin Müəllif Hüquqları Agentliyi tərəfindən əqli mülkiyyət sahəsində bilik artırma bazası hazırdır və bu çərçivədə 100-ə qədər müxtəlif tədris kursları keçirilib və yaradılan smart tipli Treninq Mərkəzi fəaliyyətə başlayıb”.

    O bildirib ki, Azərbaycan yeni iqtisadi siyasətin mühüm qolu olan innovativ inkişafa qədəm qoyur: "İqtisadi motivlər birinci əhəmiyyətli amildir ki, universitet və elmi təşkilatlarda özünəməxsus əqli mülkiyyət siyasəti və texnologiyaların kommersiyalaşması və transferi ön plana çıxarılsın. İkinci amil isə iqtisadi baxımdan inkişaf etmiş ölkələrin ali təhsil və elm sistemində radikal transformasiyalarla bağlıdır, universitetlərin innovasiyalı inkişafda və iqtisadi artımda həlledici roludur. Bu isə universitetlərin artıq ənənəvi olan təhsil və elmi missiyaları ilə yanaşı, sürətlə inkişaf edən iqtisadi fəallıq sferasının yaranmasıdır və bu çərçivəyə texnologiyaların işlənməsi və transferi, akademik elmin məhsullarının kommersiyalaşması və bazara çıxarılması, yeni bizneslərin yaranması və nəhayət, gəlir əldə etmək məqsədilə əqli mülkiyətin idarə olunması daxildir”.

    K.İmanovun sözlərinə görə, Təhsil Nazirliyinin və ardınca AMEA-nın atdığı addımlar nəticəsində Tomson-Reuters nəşrlərində və sitatlanma H-indeksinə görə Azərbaycan universitetləri son illərdə 9-cu yerdən bir neçə pillə qalxaraq, öz vəziyyətini yaxşılaşdırıblar, hətta “Tətbiqi və Hesablama Riyaziyyatı” jurnalımız Thomson Reuter sistemində MDB lideridir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi