Bakı. 13 noyabr. REPORT.AZ/ Azərbaycan
Dövlət Dil Komissiyasının üzvü, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nı hazırlamaq üçün yaradılan İşçi qrupunun sədri Möhsün Nağısoylu “Report”a açıqlamasında deyib ki, tədbirlər planında 30-dan çox maddə əksini tapıb: “Maddələrə “Ölkə üzrə Dövlət Dilinin Saflığının Qorunması Komissiyasının yaradılması və alimlərin mütəmadi çıxışlarının təmin edilməsi”, “Həyatın müxtəlif sahələrində inkişafla əlaqədar olan yeni anlayışların sistemli şəkildə müəyyənləşdirilməsi və Dövlət Dil Komissiyasına təqdim edilməsi”, “Dilə daxil olan alınma sözlərin tənzimlənməsi, dilimizin tələblərinə uyğunlaşdırılması prinsiplərinin müəyyənləşdirilməsi”, “Yeni sözlər bülleteninin nəşri”, “Radio, televiziya, qəzet, jurnal redaksiyalarında, internet saytlarında çalışan yaradıcı əməkdaşların ədəbi dil bilikləri üzrə vaxtaşırı attestasiyalarının keçirilməsi” və s. daxildir”.
Onun sözlərinə görə, Dövlət Dilinin Saflığının Qorunması Komissiyasının yaradılması və alimlərin mütəmadi çıxışlarının təmin edilməsi məsələsinə AMEA nəzarət edəcək.