Xaçmaz rayonunun Palçıqoba kəndində yeni məktəb binasının açılış mərasimi keçirilib.
“Report”un Şimal bürosunun məlumatına görə, açılış mərasimində elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Xaçmaz rayon rəsmiləri, Quba-Xaçmaz regional təhsil idarəsinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd olunub ki, Palçıqoba kənd tam orta məktəbin binası 2020-ci il iyul ayının 3-də qısaqapanma nəticəsində tamamilə yanaraq istifadəyə yararsız hala düşmüşdü. Onun yerində isə iki mərtəbəli, 360 yerlik yeni, müasir məktəb Palçıqobalı şagird və müəllimlərin istifadəsinə verilib.
Yeni binanın açılışında çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, bu gün digər bölgələrlə yanaşı, işğaldan azad olunmuş ərazilərdə yeni məktəblər açılıb:
“Bütün bunlar ölkənin bütün ərazilərində təhsilin tam təmin olunması deməkdir. Ən əsası, təqribən 30 illik işğaldan azad olunmuş Qarabağda yeni məktəblərin açılışı olub. Digər rayonlar kimi, həm Şuşada, həm Xankəndidə ən müasir tələblərə cavab verən məktəblər fəaliyyətə başlayıb. Vaxtilə işğal altında olan ərazilərdə ümumilikdə 993 məktəb dağıdılaraq məhv edilib. Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən Vətən Müharibəsində 760 müəllim iştirak edib, onlardan iyirmisi şəhid olub, on şagird həyatını itirib. Arzu edirəm ki, bu məktəbdə həmişə vətənpərvər, bilikli şagirdlər yetişsin”.
Daha sonra məktəbin sinif otaqlarına, fənn kabinələrinə, akt zalına və müasir idman zalına baxış keçirilib.