Oğuz rayon Padar kənd tam orta məktəbinin yaranmasından 140 il ötür.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, bu münasibətlə Padar kənd tam orta məktəbində yubiley münasibətilə tədbir keçirilib.
Tədbirdən öncə qonaqlar Padar kənd Şəhidlər xiyabanını ziyarət ediblər.
Tədbirdə Oğuz rayon və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin rəhbərliyi, şəhid ailələri, məktəbin keçmiş məzunları və təhsil işçiləri iştirak ediblər.
Dövlət Himninin səslənməsi ilə start götürən tədbirdə çıxış edən məktəbin direktoru Əntiqə Tahirova bildirib ki, şəhid Arzu Əliyevin adını daşıyan məktəb 140 illik fəaliyyəti dövründə şərəfli yol keçib. Məktəbin məzunları ölkəmizdə və respublikanın hüdudlarından kənarda müxtəlif vəzifələrdə çalışırlar. Qeyd olunub ki, Azərbaycanın üç alimi Padar kənd tam orta məktəbinin məzunudur. Bunlar Sara Nəzirova, Nazim Mustafayev və Qabil Haşımovdur.
Daha sonra məktəbin xor dərnəyinin ifasında "Azərbaycan" mahnısı, şagirdlərin ifasında "Azərbaycan" şeiri, "Şəhidlər ölməz" Bədii kompozisiya, Xudayar təsnifi, "140 yaşın mübarək" şeiri və mahnıları səsləndirilib.
Qeyd edək ki, Padar kəndində ilk ibtidai məktəbin əsası 1 noyabr 1883-cü ildə qoyulub. İlk dəfə kənd məktəbinə 4 şagird qəbul edilib. Artıq 1899-cu ildə məktəbdə 15 şagird təhsil alırdı. Hazırda Padar kənd tam kənd tam orta məktəbində 299 şagird təhsil alır.
Tədbirin sonunda məktəbin müəllimlərini fəxri fərmanlar təqdim olunub.