Süni intellektin təhsildə tətbiqi ilə bağlı layihənin təqdimatı keçirilib.
"Report" xəbər verir ki, layihə "Merkaba Soft" şirkətinin təşkilatçılığı ilə hazırlanıb.
Ümumi layihə barədə məlumat verən şirkətin rəhbəri, süni intellekt üzrə mütəxəssis və süni intellektə əsaslanan sistemlərin ərsəyə gətirilməsində xüsusi lisenziya və icazələrə malik Yaşar Ələkbərov bildirib ki, süni intellektual sistemlər vasitəsilə təhsil prosesinin struktur vəziyyətinin analizi və araşdırılması təhsilin məqsədyönlü inkişafına danılmaz töhfələr verəcək.
Onun sözlərinə görə, Asiya və Avropada geniş tətbiq olunan ağıllı sistemlər təhsil prosesinin iştirakçılarının fəaliyyətini analiz edə bilir: "Bizim layihə buna analoji olaraq təhsil sistemində cari vəziyyətin təyini və qabaqlayıcı tədbirlərin görülməsi üçün düzgün analizin aparılmasına imkan yaradacaq".
Vurğulanıb ki, təhsilin effektivliyinin təmin olunması üçün ilkin meyarlardan biri iştirakçıların fəaliyyətinə nəzarət etmək və onların prosesdə fəaliyyətini gücləndirməkdir: "Layihədə iştirakçılar hesab olunan müəllim ve təhsilalanların psixoloji və cari vəziyyəti təyin ediləcək. Bu analizlərin sintezi nəticəsində hər bir təhsil ocağında gedən proseslər barəsində məlumatlar küllüsü əldə oluna biləcək".
Qeyd edək ki, layihə ilkin mərhələdə Turizm və sosial xidmətlər üzrə Bakı dövlət peşə təhsil mərkəzində tətbiq edilib.