Sentyabrın 10-da Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.
“Report” un yerli bürosu məlumat verir ki,tədbirdən əvvəl şagirdlərin əl işlərindən ibarət sərgiyə, onların idman nailiyyətlərinə, məktəbəqədər təhsil müəssisələrinin hazırladıqları səhnəcik və çıxışlara baxış keçirilib.
Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransında Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu, Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı sədrinin müşaviri Elşad Novruzov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, idarənin struktur bölmə rəhbərləri və əməkdaşları, regionun ümumi təhsil müəssisələrinin rəhbərləri və təhsil işçiləri iştirak ediblər.
Konfransda çıxış edən Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, ümumi təhsildə təhsilverənlərin peşəkarlığının artırılması istiqamətində ölkədə aparılan uğurlu islahatlardan danışıb. Vəfa Yaqublu çıxışının sonunda təhsil işçilərinə yeni tədris ilində uğurlar arzulayıb.
Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev 2023-2024-cü tədris ili ərzində institut tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib.
Sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı sədrinin müşaviri Elşad Novruzov çıxış edərək təhsil işçilərinə uğurlar arzulayıb.
Daha sonra hesabatla çıxış edən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov Böyük Qayıdış çərçivəsində işğaldan azad olunmuş torpaqlarda fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrində yaradılmış təhsil mühitindən, müəllimlərin peşəkar inkişafının artırılması istiqamətində idarə tərəfindən atılan addımlardan, şagird nailiyyətləri, respublika fənn olimpiadaları, digər müsabiqələri, IX və XI sinif buraxılış imtahanlarının region üzrə nəticələri, məktəbəqədər və ümumi təhsil üzrə statistik məlumatlar, təhsil müəssisələrində aparılmış təmir-tikinti işlərindən danışıb.