Sabirabad rayonunun Qalağayın kəndində yeni məktəb binası istifadəyə verilib.
“Report”un Aran bürosunun məlumatına görə, 1956-cı ildə inşa olunan və uzunmüddətli istismardan sonra yararsız vəziyyətə düşən İkinci Dünya müharibəsi veteranı Əli Qurbanov adına Qalağayın kənd orta məktəbi üçün yeni bina tikilib.
İnşasına 2022-ci ildə başlanılan üç mərtəbədən ibarət 528 şagird yerlik yeni məktəb binasının tikintisi yekunlaşdırılaraq şagirdlərin və pedaqoji kollektivin ixtiyarına verilib.
23 sinif otağı olan məktəbdə idman, akt zalları, yeməkxana, kitabxana, iki texniki, bir hərbi hazırlıq otağı, informatika kabineti, fizika, kimya, biologiya laboratoriyaları var.
Məktəbin bütün otaqları zəruri ləvazimatlarla təchiz edilib.
Məktəbin həyətyanı sahəsi səliqə-sahmana salınıb, yaşıllıqlar əkilib.