Sabahdan, aprelin 20-dən Elm və Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsi başlayır.
"Report" xəbər verir ki, müsabiqə qaydalarına uyğun olaraq, iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə vakansiya seçimi ilkin olaraq şəhid ailələrinin üzvləri üçün aktivləşdiriləcək.
Müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi təsdiq olunmuş şəhid ailələrinin üzvləri 20 aprel saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq müvafiq vakant yer seçimi edə bilərlər. İlkin vakansiya seçimi 25 aprel saat 11:00-dək davam edəcək.
Növbəti mərhələdə isə digər müsabiqə iştirakçıları üçün vakansiya seçimi mərhələsi həyata keçiriləcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.