Rezidenturaya 511 nəfər ərizə verib

Rezidenturaya 511 nəfər ərizə verib
Elm və təhsil
20 Fevral , 2018 10:10
Rezidenturaya 511 nəfər ərizə verib
Report

Bakı. 20 fevral. REPORT.AZ/ 2018/2019-cu tədris ili üçün rezidenturaya sənəd qəbulu davam edir.

Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, indiyə qədər Azərbaycan bölməsi üzrə 438, rus bölməsi üzrə 73, ümumilikdə 511 nəfər elektron ərizəsini təsdiqləyib. 

Qəbul imtahanında iştirak etmək üçün namizədlərin ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün namizəd  fevralın 22-dək mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet”  yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə etməlidir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə payment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür. 

Namizəd “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə fevralın 22-si saat 23:59-dək mərkəzin internet saytının müvafiq səhifəsinə daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurmalı və təsdiqləməlidir.