"Azərbaycandakı universitetlərdə tələbənin yalnız bilikləri qiymətləndirilir, hansı bacarıqlara sahib olmaları isə bir o qədər nəzərə alınmır".
"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Unuversitetinin (UNEC) rektoru Ədalət Muradov hesabat tədbirində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, amma xarici ölkələrin aparıcı universitetlərində tələbələrin bacarıqları qiymətləndirilir və akademik transkriptlərlə bərabər qeyri-akademik transkript də verilir: "Biz də iki ildir bunun üzərində çalışırıq. Növbəti mərhələdə ekspertlər və iş adamları ilə qeyri-akademik transkriptin verilməsini müzakirə edəcəyik. Gələcəkdə tələbələrimizə qeyri-akademik transkript də veriləcək. Bu, onlara gələcək karyeralarında böyük imkanlar yaradacaq. Həmin transkriptdəki QR kodu oxutduran işgötürən tələbəmizin hansı bacarıqlara malik olduğunu da öyrənə bilər".
Rektor həmçinin bildirib ki, tələbənin minimum bir xarici dili bilməsi əsas məqsədlərdəndir. O vurğulayıb ki, bununla əlaqədar universitetdə IELTS mərkəzi fəaliyyətə başlayıb: "Birinci kurs tələbələri üçün 4 bacarıq üzrə placement pilot layihəsi həyata keçirildi. İlk IELTS imtahanı ötən il dekabrın 26-da baş tutdu. 500 əməkdaşa yumşaq bacarıqlar üzrə təlimlər keçirilib. Fənnlər üzrə isə 167 təlim keçirilib".