Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə abituriyentlərə müraciət edib.
"Report"un məlumatına görə, o xatırladıb ki, Nazirlər Kabineti III ixtisas qrupunda TC və DT altqruplarının yaradılmasını nəzərdə tutan dəyişiklikləri təsdiqləyib.
“TC altqrupuna daxil edilən “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının müsabiqəsində iştirak etmək istəyən abituriyentlər imtahanın II mərhələsində Azərbaycan (rus) dili və tarix fənləri ilə yanaşı, coğrafiya fənnindən, DT altqrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər isə ədəbiyyat fənnindən imtahan verəcək”, - o söyləyib.
DİM sədrinin sözlərinə görə, hər iki altqrupa daxil olan ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər II mərhələdə Azərbaycan (rus) dili, tarix və ədəbiyyat fənləri üzrə imtahan verdikdən sonra əlavə olaraq coğrafiya fənnindən imtahan verməlidirlər: “Abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı III ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və yaxud ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçmək imkanına malikdirlər”.
DİM sədri onu da bildirib ki, valideynlər və abituriyentlər yalnız qurumun rəsmi səhifələrindəki məlumatlara etibar etsinlər.
M.Abbaszadə qeyd edib ki, sosial şəbəkələrdə bəzən mərkəzin adından yalnış məlumatlar yayılır: "Hər zaman bizə müraciət edib ətraflı və dəqiq məlumat ala bilərsiniz".