“Bu gün Azərbaycan ilə Həştərxan vilayətinin ali təhsil müəssisələri arasında əməkdaşlıq fəal şəkildə inkişaf edir”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib.
Nazir müavini qeyd edib ki, bu gün Həştərxanda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bir sıra tədbirlər keçirilib.
“Heydər Əliyev irsinə həsr olunmuş müsabiqə zamanı 11 nömrəli tam orta məktəbin şagirdləri bir sıra çıxışlar hazırlayıblar. Nəticədə onlar ölkəmizin nümayəndə heyəti tərəfindən mükafatlandırılıblar”, - o əlavə edib.
F.Qurbanovun sözlərinə görə, bu gün keçirilən konfransda bir sıra mühüm məsələlər, o cümlədən Azərbaycan və Həştərxan arasında mövcud ikitərəfli əlaqələr, ticari-iqtisadi əməkdaşlıq, turizm, təhsil sahəsində əməkdaşlıq və s. müzakirə olunub.
“Hazırda Bakı Dövlət Universiteti, Dövlət İqtisad Universiteti, Bakı Slavyan Universiteti və Həştərxan Dövlət Universiteti arasında ikitərəfli diplom proqramının həyata keçirilməsi ilə bağlı danışıqlar aparılır”, - nazir müavini bildirib.