1963-cü ildə inşa olunmuş Ucar rayonunun Rəstəcə kənd tam orta məktəbi ötən müddət ərzində köhnəldiyindən Heydər Əliyev Fondu yeni təhsil ocağının inşasını həyata keçirib.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, məktəbin istifadəyə verilməsi ilə bağlı tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov, Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nərminə Hüseynova, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, şəhid ailələri, qazilər və məktəb kollektivi iştirak ediblər.
Bildirilib ki, Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində gördüyü işlər nəticəsində inşa olunan iki mərtəbə və üç korpusdan ibarət məktəb 180 şagird yerlikdir.
Burada şagirdlərin yeni bilik və bacarıqlara yiyələnmələri üçün zəruri şərait yaradılıb.
Məktəb mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib. Həyətyanı sahədə görülən abadlıq və yaşıllaşdırma işləri ilə yanaşı, açıq idman meydançası da qurulub.
Qeyd edək ki, yeni inşa olunmuş Rəstəcə kənd tam orta məktəbində 165 şagirdin təhsili ilə 25 müəllim məşğul olur.