Bakı. 23 oktyabr. REPORT.AZ/ "Psixoloqlar, laborantlar, Uşaq Birliyi təşkilatının rəhbərləri, məktəb direktorları və onların müavinləri, eləcə də kitabxanaçıların regionlarda keçirilməsi nəzərdə tutulan ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə cəlb olunması gözlənilmir". "Report" xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev qurumun televiziyasına (Təhsil TV) müsahibəsində deyib.
İ.Nağıyev bildirib ki, direktor və onların müavinləri təhsil işçiləri olsa da, imtahanlarda iştirak etməyəcəklər. Onun sözlərinə görə, regionlarda keçirilməsi planlaşdırılan diaqnostik qiymətləndirilmədə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri olaraq əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri cəlb olunacaqlar.
Şöbə müdirinin müavini bildirib ki, builki imtahanlar Bakıda keçirilən qiymətləndirilmədən fərqli olacaq: "Məzmun dəyişməsə də, formatda bəzi dəyişikliklər olub. Misal olaraq, Bakıdakı imtahanlar kağız üzərində aparılmışdı. Həmçinin, müəllimlərə sual kitabçası və cavab kartları paylanılmışdı. Lakin bu dəfə bütün işlərin kompüter üzərində olmasının tərəfdarıyıq. Regionlarda keçirilməsi nəzərdə tutulan imtahanların olacağı rayonların bəzilərinin müəllimlərinin yaş həddi ilə bağlı informasiya-kommunikasiya texnologiyaları sahəsində bilikləri yetərincə olmaya bilər. Lakin təhsil naziri Mikayıl Cabbarovun müvafiq əmrinə əsasən, həmin müəllimlərin 2 ay müddətinə İKT biliyi imtahan səviyyəsinə uyğunlaşdırılmalıdır. Artıq bu istiqamətdə işlər görülür".
Nazirlik rəsmisi qeyd edib ki, imtahanlarda iştirak edəcək müəllimlərin siyahısının hazırlanmasında da yenilik edilib: "Bakıda məktəblərin özündən siyahıları götürürsək də, indi bu, elektron variantdadır. Bu məsələ həm Daxili İşlər Nazirliyinə, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq bazasına inteqrasiya olunub. Bundan başqa, yanvarda yekun siyahı əlimizdə olacaq və imtahanlarda müəyyən səbəblərə görə iştirak etməyən müəllimlərin dəqiq sayını bildikdən sonra növbəti aylarda da onlar üçün diaqnostik qiymətləndirilmə təşkil olunacaq".
Qeyd edək ki, ilk diaqnostik qiymətləndirilmə Masallı Olimpiya İdman Kompleksində 28-30 noyabrda Masallı və Cəlilabad rayonundan olan müəllimlər üçün keçiriləcək. Dekabrın 4-7-də İmişli, Saatlı, Sabirabad, Şirvan, Hacıqabul rayon müəllimləri Sabirabad Olimpiya-İdman Kompleksində, dekabrın 11-12-də Xaçmaz rayon müəllimləri Xaçmaz Olimpiya İdman Kompleksində, dekabrın 16-20-də Sumqayıt şəhəri, Abşeron, Qubadlı rayon müəllimləri Sumqayıt Olimpiya İdman Kompleksində imtahan verəcəklər.
Dekabrın 24-25-də isə Gəncə müəllimləri Gəncə Olimpiya İdman Kompleksində imtahan verəcəklər. 2016-cı ilin yanvarından həmin rayon və şəhər müəllimlərinin əmək haqlarının artırılması planlaşdırılır.