Bu gün Bakı Ali Neft Məktəbinin (BANM) yaranmasının doqquz ili tamam olur. İlk gündən Azərbaycan universitetlərinin reytinq cədvəlində öz liderliyini saxlayan Ali Məktəb Prezident İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli 539 nömrəli Fərmanı ilə SOCAR-ın strukturunda yaradılıb.
"Report" xəbər verir ki, 2017-ci il may ayının 1-də Qafqaz regionunun ən böyük kampusu olan BANM-in yeni kampusu da dövlət başçısının iştirakı ilə açılaraq istifadəyə verilib.
BANM-də Neft-qaz mühəndisliyi, Kimya mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi, İnformasiya təhlükəsizliyi ixtisasları üzrə bakalavr, Neft-qaz mühəndisliyi, Kimya mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi və Biznesin idarə edilməsi (MBA) ixtisasları üzrə magistr hazırlığı həyata keçirilir. Ali Məktəbdə fəlsəfə doktoru proqramı üzrə doktorantura pilləsi də yaradılıb.
Eyni zamanda 2020/2021-ci tədris ilində Neft-qaz mühəndisliyi ixtisası üzrə təkrar ali təhsil almaq istəyənlər üçün qiyabi şöbəyə qəbul həyata keçirilib.
Bundan başqa, Bakı Ali Neft Məktəbi Böyük Britaniyanın “Twenty Eight Strategy Execution” (STRATEX) şirkəti ilə birgə ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr sertifikatı əsasında “Layihə İdarəetmə Məktəbi” təlim proqramını , “Cenevrə Biznes Məktəbi” ilə birgə əməkdaşlıq çərçivəsində isə “Neft və Qaz Menecmenti üzrə” MBA proqramını reallaşdırır.
Cari ildə BANM-in bakalavr səviyyəsi üzrə dövlət sifarişli ixtisaslarına qəbul olmaq üçün ümumi orta bal - 658,83, magistratura səviyyəsi üzrə isə 63 bal olub.
2020/2021-ci tədris ilində BANM-in 22 tələbəsi Prezident təqaüdünə layiq görülüb ki, bu göstərici üzrə də BANM ölkə üzrə ali məktəblər arasında ön sıralarda yer alıb. Beləlikə, Ali Məktəbin yarandığı ildən bu günə qədər Prezident təqaüdçülərinin sayı 172 nəfərə çatıb. İndiyədək böyük rəqabətin qeydə alındığı I qrupda heç bir universitet Bakı Ali Neft Məktəbi qədər maksimal sayda Prezident təqaüdçüsü ilə təmsil olunmayıb.
Ali Məktəb doqquz illik fəaliyyətində artıq dördüncü dəfə məzun buraxılışı reallaşdırıb. Ötən müddət ərzində məzunların işlə təmin olunması 100% təşkil edib. Bu gün BANM-i bitirən məzunlar yerli və transmilli şirkətlərdə çalışır və dünyanın aparıcı universitetlərində təhsillərini davam etdirirlər.
9 illik uğurlu fəaliyyəti ərzində Ali Məktəb ölkədə peşəkar mühəndislərin hazırlanmasında “SOCAR”, “STAR”, “Petkim”, “bp”, “ABB”, “TechnipFMC”, “Emerson”, “Schneider Electric”, “Maire Tecnimont”, “Halliburton”, “Microsoft”, “Schlumberger”, “Equinor”, “Total”, “Avandsis Group” və digər ən qabaqcıl şirkətlərlə əməkdaşlıq edib ki, bu da BANM-in məzunlarının beynəlxalq standartlara uyğun kadrlar kimi yetişməsinə zəmin yaradır.