Bakı. 19 dekabr. REPORT.AZ/ “İcma əsaslı məktəbəqədər təhsil” pilot layihəsi çərçivəsində Bakı şəhərində və 10 rayonda 50 icma seçilib. Hər icmadan orta hesabla 20 nəfər 3 və 4 yaşlı uşaq layihəyə cəlb olunub".
"Report" xəbər verir ki, bunu Təhsil İnstitutunun direktor əvəzi Emin Əmrullayev layihənin təqdimat mərasimində deyib.
O bildirib ki, icmada iştirak edən valideyn məktəbəqədər təhsil qruplarında övladını könüllü şəkildə qeydiyyatdan keçirir və razılığa əsasən həftədə bir neçə gün 2-4 saat ərzində uşaqlara hazırlıq təşkil olunur.
E.Əmrullayev qeyd edib ki, icmalarda dərslər könüllü müəllimlər, məktəb işçiləri və ya valideynlər tərəfindən aparılır: "Keçirilən dərslər mütəxəssislərdən ibarət işçi qrupu tərəfindən “İcma əsaslı məktəbəqədər təhsil proqramı” vəsaitinə əsaslanır".
O əlavə edib ki, tədqiqatlara əsasən, Azərbaycanda valideynlərin üçdə ikisi evdə hərdən bir uşaqları üçün kitab oxuyur: "Evdə uşaqları üçün nəsə oxuyan valideynlərin sayı isə 28-dir. Bu isə ortalamadan çox aşağıdır. Hərdən bir oxumaqdan tez-tez oxumaq keçsək uşaqların nəticələrinin əsaslı şəkildə yaxşılaşdığını görə bilərik".
Qeyd edək ki, layihə YUNİSEF-in maliyyə dəstəyi ilə Təhsil İnstitutu tərəfindən icra olunur.