Müasir dünyada təhsilin də inkişafdan qalmaması, ictimai tələbat və ehtiyaclarla ayaqlaşmasının əhəmiyyəti hazırkı koronavirus pandemiyası dövründə bir daha ortaya çıxdı. Bu gün şagirdlərə XXI əsrində önə çıxan tənqidçilik, yaradıcılıq, İKT səriştəsi, çeviklik, komandada çalışmaq bacarığı kimi vərdiş və bacarıqlar aşılanmalıdır. Belə ki, son dövr beynəlxalq təşkilatlarının dəyərləndirilmələri fənn biliklərilə yanaşı adıçəkilən vərdişləri də əsas götürür. Son illər Azərbaycanda da təhsil sistemini müasir tələblərə uyğunlaşdırmaq üçün ardıcıl addımlar atılır.
2019-2020-ci illərdə Təhsil Nazirliyi Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə orta məktəblərdə bir neçə fənnin (bilik sahəsinin) vəhdət halında tədrisini nəzərdə tutan STEAM (science, technology, engineering, art, mathematics) layihəsini tətbiq edib.
Artıq xarici ölkələrdə geniş intişar tapan bu layihənin məqsədi şagirdlərdə yaradıcı və bədii təfəkkür, əməkdaşlıq vərdişləri, sosial düşüncə tərzi, müxtəlif proqram dilləri əsasında İKT ilə işləmək bacarığını təkmilləşdirmək, həmçinin əldə edilən biliklərdən əməli istifadə edərək nəsə yaratmağı öyrətməkdir.
Həqiqət budur ki, ənənəvi təhsil çevik dəyişən müasir dünyada uğur qazanmaq üçün artıq əlverişli deyil. Bu gün uşaqlar kompüter, smartfon, planşet və s. ilə daha çox vaxt keçirdiyinə görə müasir təhsil sistemi də şagirdlərin İKT-yə bu aludəçiliyini onların xeyrinə çevirməli, inkişaflarına təkan verməsini təmin etməlidir.
Layihənin rəhbəri İqrar Nəzərov “Report”a bildirib ki, STEAM çərçivəsində şagirdlərin tapşırıqları yerinə yetirərkən internetdən istifadə etmələri üçün İKT ilə işləmələri, habelə komanda halında çalışaraq fikir mübadiləsi aparmaları təşviq olunur.
İlkin olaraq Bakı şəhərinin 42 orta məktəbində icra olunmağa başlayan layihənin əhatə etdiyi 6 minədək şagird və 300-dən artıq müəllim əvvəlcədən xüsusi təlimlər keçiblər. STEAM sinifləri də qabaqcıl avadanlıq və ləvazimatla təchiz edildi. 2020-2021-ci tədris ilində ölkənin 21 şəhər və rayonunda 20 minədək şagirdi əhatə edən layihə çərçivəsində 200 müəllim ixtisasını artırmaq üçün İsrailə ezam olunaraq biomimikri, nanotexnologiya, neyrobiologiya kimi sahələrdə biliklər əldə etdilər, 3D printerləri və lazer kəsici cihazların iş sistemini öyrəndilər. Hazırda isə layihədə 45 şəhər və rayondakı 147 ümumi təhsil məktəbinin 25 mindən artıq 6-7-ci sinif şagirdi və 800 müəllim iştirak edir.
Ölkədə karantinin tətbiqilə STEAM layihəsinin icrası ilə bağlı çətinliklər yaransa da, tezliklə bütün dərslər onlayn formatına uyğunlaşdırıldı. Layihədə iştirak edən həm Azərbaycan, həm də rus sektorları şagirdləri üçün tele dərslər də hazırlanaraq televiziyada, habelə layihənin sosial şəbəkələrdəki səhifələrindən yayımlanır. Karantin dövründə şagirdlərin asudə vaxtını mənalı keçirmələri məqsədilə ötən müddət ərzində bir neçə onlayn aksiya və müsabiqələr də keçirilib, qaliblərinə də İKT cihazları təqdim edilib. Bununla yanaşı layihədə iştirak edən 700-dən artıq müəllim pandemiya dövründə onlayn ixtisasartırma təlimlərinə cəlb edildi.
Pandemiya dövründə başqa istiqamətlərdə də çalışan STEAM komandası ilk vaxtlardan tibbi ehtiyacları ödəmək üçün bir sıra təşəbbüslər yaymağa başlayıb. Bunun üçün tibbi ləvazimatın ayrı-ayrı hissələrinin 3D printerlərdə sınaq hazırlanmasına, həmçinin qoruyucu maska istehsalına başlandı. Aprelin 6-da Sumqayıt kimya sənayesi parkında tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak edən Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva STEAM layihəsi barədə də ətraflı məlumatlandırıldılar.
Hələ nisbətən cavan olan bu təhsil layihəsinin komandasının indidən gündəlik ehtiyaclardan doğan məsələlərin həllilə məşğul olması təhsil sistemimizinj doğru yolda olduğunu göstərir. Layihəyə daha çox şagird cəlb etmək məqsədilə bir neçə STEAM mərkəzi yaradılıb.
Fevralın 2-də prezident İlham Əliyev “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı strateji əhəmiyyətli sənədi təsdiq edib. Sənəddəki milli prioritetlər arasında böyük əhəmiyyət verilən insan kapitalı əməyin məhsuldarlığı və insan həyatının daha keyfiyyətli olması baxımdan başlıca amil olaraq qəbul edilir. Qarşıya qoyulan vəzifələrin həllində açıq düşüncəli və fərasətli, yeniliyə meylli gənclərə xüsusi yer ayrılır. Sözsüz ki, bu istiqamətdə müasir təlim-təhsilin tətbiqi baxımdan STEAM kimi keyfiyyətli təhsil proqramları xüsusi əhəmiyyət daşıyır.
Layihə rəhbərinin də qeyd etdiyi kimi, STEAM dərslərində dünyagörüşləri də genişlənən şagirdlər təxəyyülünü işə salaraq ehkamlardan qırağa çıxıb müxtəlif fikirlər yürüdərək həyata keçirirlər, beləcə də çevik düşüncə tərzini mənimsəyirlər. Belə ki, keyfiyyətli təhsil aldıqdan sonra gələcəkdə ölkənin, dünyanın inkişaf istiqamətlərini, sürətini, prinsiplərini şərtləndirəcək bu günün istedadlı şagirdləri milli düşünən təbəqənin dəyərli nümayəndələri və tükənməz ehtiyatı olmaqla sabahımızın möhkəm zəmanətçiləridir. Bu günün STEAM şagirdləri gələcəkdə ölkəmizi texnologiya istehlakçısından istehsalçısına çevirmək iqtidarındadır.
Gələcək planlardan danışan layihə rəhbəri İ.Nəzərov STEAM-a qoşulan məktəblər və şagirdlər üçün vahid elektron platforma üzərində iş getdiyini diqqətə çatdırıb. Həmçinin bütövlükdə layihəni də, iştirak edən ayrı-ayrı məktəbləri də beynəlxalq STEAM şəbəkələrinə qoşmaq nəzərdə tutulur. Epidemioloji vəziyyət qaydasına düşəndən sonra 6-11 yaşlı uşaqların təlim-tədrisi üçün hər cür avadanlıq və ləvazimatla təchiz olunmuş STEAM mərkəzləri də şagirdlərin ixtiyarına veriləcək.
Fevralın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xırdalan şəhərində 3 saylı texniki-təbiət fənləri təmayüllü məktəb-liseydə yaradılan şəraitlə, habelə məktəbdə yaradılmış STEAM mərkəzilə tanış olublar.
Fevralın 9-da Şirvan şəhəri Kimya-Biologiya Təmayüllü Respublika liseyinin nəzdindəki STEAM mərkəzi ilə tanışlıq olub. Tədbirdə təhsil naziri Emin Əmrullayev, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər. Bu cür mərkəzlərin yaradıldığı məktəblərin şagirdlərilə yanaşı başqa məktəblərin də şagirdləri STEAM proqramının tədrisi bölmələrinə yazıla bilərlər. Birinci vise-prezident Mehriban Əliyevanın dəstəyilə gələcəkdə STEAM mərkəzlərinin sayını 10-a çatdırmaq nəzərdə tutulur. Nazir qeyd edib: “Ümumi təhsil pilləsində şagirdlərin bilik və bacarıqlarının dünyanın sürətlə dəyişən tələblərinə cavab verməsi və gələcək əmək fəaliyyətinə dair faydalı səriştələrin formalaşdırılması fəaliyyətimizin önəmli hissəsini təşkil edir”.
Qeyd edilənlər və STEAM layihəsinə marağın artması nəzərə almaqla bu layihənin bundan sonra da inkişaf edərək əhatə dairəsini sürətlə genişləndirəcəyini, müasir cəmiyyətin tələblərinə uyğun vərdiş və səriştələrə sahib olan gənclərin tərbiyəsində mühüm rol oynayacağını söyləmək olar.
Nailə Abbasova