AMEA-da Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyinə həsr olunan yığıncaq keçirilib - FOTO

AMEA-da Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyinə həsr olunan yığıncaq keçirilib - FOTO Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun yaradılmasının 90 illik yubileyinə həsr olunan yığıncaq keçirilib.
Elm və təhsil
2 Oktyabr , 2019 11:38
AMEA-da Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyinə həsr olunan yığıncaq keçirilib - FOTO
Report / Firi Salim

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun yaradılmasının 90 illik yubileyinə həsr olunan yığıncaq keçirilib.

''Report'' xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Təhsil naziri Ceyhun Bayramov, akademik N.D.Zelinski adına Noosfera Mühafizə Mərkəzinin və Muzeyinin direktoru, professor Andrey Nikolayeviç Zelinski, İğdır Universitetinin rektoru, professor Mehmet Hakkı Alma, ölkənin ali təhsil müəssisələrinin rəhbərləri, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və təşkilatlarının direktorları və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan akademik Akif Əlizadə yığıncağın Prezident İlham Əliyevin 11 mart 2019-cu il tarixli “AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamına əsasən keçirildiyini bildirib, bunun dövlətin elmimizə və alimlərimizə qayğısının növbəti göstəricisi olduğunu vurğulayıb.

Akademik qurumun 1929-cu ildə “Azneft” İstehsalat Birliyinin Mərkəzi Kimya Laboratoriyası bazasında ilk Azərbaycan Neft Tədqiqat İnstitutu kimi fəaliyyətə başladığını, 1959-cu ildən isə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutu adlandırıldığını deyib. Natiq elmi müəssisənin 90 ildə şərəfli yol keçdiyini, ölkəmizdə neft kimyası və kimya elminin inkişafında mühüm rola malik olduğunu diqqətə çatdırıb: ''Bu illər ərzində institutun alimlərinin elmi işləri Azərbaycan neftinin tədqiqinə, yüksək keyfiyyətli yanacaq və yağların alınması məqsədi ilə effektiv emalın elmi əsaslarının işlənilməsinə, neft kimyası və neft emalı prosesləri üçün yeni texnologiyalar və katalizatorların yaradılmasına və s. həsr olunub. Qurumun 90 illik fəaliyyəti dövründə kataliz, üzvi-kimya, yüksəkmolekullu birləşmələr kimyası, fiziki-kimya, neftkimya sintezi sahəsində fundamental tədqiqatlar aparılıb, Azərbaycanın neft kimyası və neft emalı sənayesinin kompleks inkişaf sxemlərinin hazırlanması istiqamətində mühüm işlər görülüb''.

Akademik Akif Əlizadə institut əməkdaşlarının bundan sonra da neft-kimya sahəsində yeni elmi nəticələr və nailiyyətlər əldə edəcəklərinə əminliyini bildirib, yubiley münasibətilə onları təbrik edib, işlərində uğurlar arzulayıb.

Sonra Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov “Elmin zirvələrinə aparan 90 illik yol” adlı məruzə ilə çıxış edib. O bildirib ki, rəhbərlik etdiyi qurum 1929-cu ildə Neft Tədqiqat İnstitutu kimi fəaliyyətə başlayıb, 30 il sonra isə üç institut birləşdirilərək Neft-Kimya Prosesləri İnstitutu yaradılıb. Üç institutdan birinin Azərbaycan Elmlər Akademiyasının Neft institutu olduğunu deyən alim onun direktorunun dahi Yusuf Məmmədəliyev olduğunu əlavə edib: “Dünyada tanınmış alim Yusif Məmmədəliyevin institutumuzun şərəfli tarixində xüsusi yeri var. Təsadüfi deyil ki, o, iki dəfə Azərbaycan Elmlər Akademiyasının prezidenti seçilib, Bakı Dövlət Universitetinin rektoru olub. İkinci dünya müharibəsində SSRİ-nin qələbəsində onun elmi nəticələrinin xüsusi rolu olub. Onun 1946-cı ildə aldığı SSRİ dövlət mükafatı da bunun təsdiqidir”.

Direktor qeyd edib ki, SSRİ-də ilk yüksək oktanlı aviasiya benzini, Bakı neftlərindən bir neçə növ reaktiv yanacaqlarının alınma texnologiyası, SSRİ miqyasında tətbiq olunmuş rəqabət qabiliyyətli parafinsizləşdirmə prosesi, eləcə də bu gün də uğurla istifadə olunan katalitik krekinq prosesi institutun nəticələridir. İlk raket yanacağının bu institut tərəfindən təklif olunduğunu deyən alim 1983-cü ildən Rusiya, Qazaxıstan, Ukrayna, Türkmənistan, Azərbaycanda tətbiq olunan çoxfunksiyalı korroziya inhibitoru, 1988-ci ildə lisenziya ilə Rusiya Federasiyasına satılmış Azəri inhibitorunun texnologiyası, analoqlarından üstün olan superplastifikatorun alınma texnologiyası, maye kauçukun ən müasir istehsal texnologiyası, yüngül gəmi dizel mühərrikləri üçün yanacaq alınma texnologiyası, dünyada bənzəri olmayan müalicəvi “Ağ Naftalan yağı”nın alınma texnologiyası və digər elmi nəticələri sadalayıb. Qeyd edib ki, institutun alimləri SSRİ-nin 6 dövlət mükafatına və Azərbaycanın 4 dövlət mükafatını layiq görülüblər.
Müxtəlif istiqamətli tədqiqatların bu gün davam etdirildiyini deyən V.Abbasov institutun istehsalatla əlaqəli işlədiyini bildirib. Vurğulayıb ki, respublikanın elmi-tədqiqat institutları və ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edilir.

Natiq institutun şərəfli tarixinə və bu gününə böyük dəyər verdiyi üçün ölkə başçısı İlham Əliyevə, yubiley tədbirinin təntənəli şəkildə təşkilinə görə isə AMEA rəhbərliyinə kollektiv adından təşəkkürünü bildirib.

Son xəbərlər

Orphus sistemi