ADA Universitetində ənənəvi beynəlxalq festivala start verilib

ADA Universitetində ənənəvi beynəlxalq festivala start verilib ADA Universitetində 32 ölkənin səfirinin iştirakı ilə ənənəvi beynəlxalq festivala start verilib.
Elm və təhsil
1093
21 İyun , 2021 14:50
ADA Universitetində ənənəvi beynəlxalq festivala start verilib

ADA Universitetində 32 ölkənin səfirinin iştirakı ilə ənənəvi beynəlxalq festivala start verilib.

Report” xəbər verir ki, məqsəd hər bir ölkə, onun mədəni xüsusiyyətləri, həmçinin tələbələrin bu ölkələrin ali təhsil müəssisələrində təhsili haqqında informasiya təqdim etməkdir.

Festivalın ilk günündə Türkiyə, Almaniya, Əfqanıstan, Argentina, İndoneziya, Rusiya, Türkmənistan, Çili, İordaniya, Litva və Səudiyyə Ərəbistanı səfirliklərinin nümayəndələri iştirak ediblər.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə tədbiri açaraq pandemiya səbəbindən ötən il festivalın təşkil edilmədiyini bildirib. Karantindən öncəki dövrdə festivalda 2000-dək tələbə iştirak edib. Hazırda isə məhdudiyyətlər səbəbindən festival açıq havada keçirilir. O qeyd edib ki, bu festival Azərbaycanda multikultural mühitin qurulmasının gözəl nümunəsidir.

Əfqanıstanın səfiri Əmənulla Ceyhun bildirib ki, bu festival ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi məqsədilə xalqlar arasında mədəni fərqlərdən istifadə üçün imkan pəncərəsidir: “Əfqanıstan 5 ildir festivalda iştirak edir. Festivalın bütün iştirakçılarını ölkəmizin zəngin mədəniyyəti ilə tanış olmağa çağırıram”.

Argentinanın ölkəmizdəki səfiri Serxio Peres Qunella bir-birindən uzaq olmalarına baxmayaraq, ölkələrimiz arasında əlaqələrin qurulmasının vacibliyini vurğulayıb: "Biz Yer kürəsinin fərqli nöqtələrində yerləşirik, buna baxmayaraq, hamı üçün çətin olan bu dövrdə xalqlarımız arasında dialoqun yeni yollarını tapa bilmişik”.

Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq qeyd edib ki, Azərbaycan və Almaniya arasında müxtəlif istiqamətlərdə, o cümlədən təhsil sahəsində möhkəm əlaqələr mövcuddur. Səfir bildirib ki, Azərbaycanın Bolonya sisteminə qoşulması, onun Avropanın akademik inkişaf və əməkdaşlıq məkanına daxil olmasını təmin etmişdir.

“Qürur duyuram ki, azərbaycanlı tələblər təhsil almaq üçün Almaniyanı seçirlər. Hazırda 54 min azərbaycanlı tələbə alman dilini öyrənir. Bu, onların Almaniyada təhsil almaqda maraqlı olduqlarının göstəricisidir”, - səfir deyib.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycan və Türkiyə arasında əlaqələrin xüsusiliyini vurğulayıb: “Ölkəmizin zəngin mədəniyyətini digər xalqlara nümayiş etdirmək bizim üçün çox vacibdir. Bu festival başqa ölkələrin mədəni dəyərlərini, ölkə xaricində təhsil almağın üstünlüklərini öyrənməyə imkan verir. Türkiyənin mədəniyyətini nümayiş etdirmək imkanını yaratdığına görə ADA Universitetinə təşəkkürümü bildirirəm”.

Festival üç gün davam edəcək. Hər gün onlara ayrılmış xüsusi stendlərdə 10-11 ölkə özləri haqqında informasiya təqdim edəcək. Ümumilikdə festivalda 32 ölkənin nümayəndəsi iştirak edəcək.

Çiçək Məmmədova

Son xəbərlər

Orphus sistemi