Bakıda hər tərəfi yaşıllıq və ağaclar olan Milli Elmlər Akademiyasının şəhərciyində yerini az insanın bildiyi, əksəriyyətin hələ yeni olduğundan gedib, görə bilmədiyi bir park var. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə salınan Nadir ağaclar parkı...
Adından da göründüyü kimi, bu parkda nadir ağaclar və kollar əkilib. Parka necə qulluq edildiyini, hansı ağacların hansı baxımı tələb etdiyini, ziyarətçilər üçün necə şərait yaradıldığını öyrənmək məqsədilə elə yerindəcə tanış olmaq qərarına gəldik.
Açığını desəm, parkın yerini tapmaq özümüz üçün də bir az çətin oldu. Mərkəzi Elmi Kitabxanadan AMEA şəhərciyinə doğru hərəkət edərək, nadir ağacları axtarmağa başladıq.
Hüquq və İnsan Haqları İnstitutunun yanındakı, əvvəllər kol-kos basmış, şəhərcikdə aparılan təmir işləri ilə əlaqədar inşaat tullantılarının atıldığı, yaşıllıq içində xarabalığı xatırladan həmin o yerə gəlib çatdıq.
Amma bu ərazidə həmin xarabalıqdan əsər-əlamət qalmayıbmış.
Bizi Nadir ağaclar parkında AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru İradə Hüseynova qarşıladı. O, ağaclar haqqında bir-bir məlumat verərkən, onların hər birinin ayrı-ayrı rayonlarımızdan gətirildiyini xüsusi qeyd etdi.
Nadir ağaclar parkında hələlik xaricdən gətirilən hansısa ağac əkilməyib. Amma akademik bildirdi ki, bu təklif nəzərdə saxlanılır:
“Məqsədimiz parkın ərazisini genişləndirməkdir. Hələlik isə nadir ağacların burada uyğunlaşması prosesi davam edir. Ölkəmizin iqlim şəraitinə uyğun, dözümlü, nadir dekorativ 50 ağac və 50 kol bitkisi əkilib. Nadir ağaclar parkında Qafqaz xurması, Hirkan ağcaqayını, Lənkəran akasiyası, Vələsyarpaq azatağac, Dəmirağac, Şabalıdyarpaq palıd, Şərq çinarı və digər tinglər boy atır.
Burada əkilənlər nəsli kəsilməkdə olan, həssas ağaclardır. Onların hər yerdə böyüməsi çətin məsələdir. Hər biri ayrı-ayrı bölgəmizdən gətirilib. Ağacları gətirmək, onları burada iqlimləşdirmək, böyütmək kifayət qədər çətin və vaxtaparan prosesdir. Bir ildən çoxdur ağacları əkmişik, onlara mütəmadi qulluq olunur və içərisində quruyan, solan tinglər olmayıb.
Ağacların qorunması, suvarılması Akademiya şəhərciyinin əməkdaşlarına aiddir. Bağbanlar Nadir ağaclar parkına nəzarət və qulluq edirlər”.
AMEA-nın vitse-prezidenti Nadir ağaclar parkında xaricdən gətirilən tinglərin əkilmədiyini bildirib. O qeyd edib ki, buradakı ağaclar “Qırmızı kitab”a düşənlərdir: "Biz öz floramıza aid tükənməkdə olan bitki və ağacları qorumağa çalışırıq. Ona görə, Nadir ağaclar parkında da məhz yerli nadir ağac sortları əkilib.
2023-cü ildə “Qırmızı kitab”ın növbəti nəşri nəfis şəkildə çap edilmişdi. Bu, iki hissədən ibarətdir. Birinci kitabda nadir bitki, kol və göbələklər yer alıb, ikinci kitabda isə nəsli kəsilməkdə olan heyvanlar daxil edilib. Bu kitabın ərsəyə gətirilməsi üçün beş ilə yaxın tədqiqat aparılıb. Botaniklər, zooloqlar tədqiqatların nəticəsini 2023-cü ildə dərc ediblər”.
30 ildən sonra ilk dəfə “Qırmızı kitab”a Qarabağ bölgəsindən olan heyvan və bitkilərin daxil edildiyini vurğulayan İ.Hüseynova deyib ki, bu, oraya təşkil edilən botaniki, zooloji ekspedisiyaların araşdırmalarının nəticəsi idi:
“Qırmızı kitab”ın üçüncü nəşrinə 460 bitki və göbələk növü daxil edilib. 51 növ isə artıq qırmızı deyil, çəhrayı siyahıya keçib. Yəni onların sayı artıb, nadir, itmək təhlükəsində deyil. Amma yenə də diqqətdə saxlanılır.
Biz Nadir ağaclar parkında azad olunmuş ərazilərimizdən gətirilən ağac və bitki əkməmişik. Çünki bu ağacların əksəriyyəti Mərkəzi Nəbatat bağının istixanasında uyğunlaşdırılıb, iqlimə adaptasiya prosesi keçib. Həssas tinglərin Bakı-Abşeron iqliminə adaptasiyası vacib idi, birbaşa bu torpağa əkə bilməzdik. Amma gələcəkdə Qarabağ bölgəsindən nadir ağac tinglərini gətirib, əkib, parkda çoxalda bilərik. Bunun üçün öncədən hazırlıq vacibdir.
Məsələn, buradakı Şərq çinarı nadir ağaclar siyahısındadır. Zəngilan rayonu vaxtilə Avropada Şərq çinarının ən çox yayıldığı ərazi idi və sıx meşəlik idi. O meşənin böyük bir hissəsini yandırıb, qırıb, Ermənistana daşıyıblar. Bunun kimi bir çox bitki növlərini araşdırıb, gətirib, istixana şəraitində çoxalda bilərik. Bəzi bitkilərin biotexnoloji yolla çoxaldılması da mümkündür. Bu botaniklər, sahə ilə maraqlanan hər kəs üçün vacib olacaq.
Mərkəzi Nəbatat bağında Prezident İlham Əliyevin 60 illik yubileyi münasibətilə 60 ədəd Şərq çinarı əkilib. Onlar artıq yaxşı inkişaf edib. Nadir ağaclar parkındakı Şərq çinarları da böyüyüb, çoxaldılacaq”.
2024-cü ilin noyabr ayında Bakı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyasına (COP29) ev sahibliyi edəcək. Bəs maraqlıdır, Azərbaycana səfər edəcək əcnəbi qonaqlar Nadir ağaclar parkına dəvət ediləcək?
AMEA-nın vitse-prezidentinə sualımızı ünvanladıqda, o, bunu təklif kimi qəbul edərək, mütləq diqqətdə saxlanılacağını söylədi:
“Həqiqətən də, bu park həm yerli, həm əcnəbi qonaqlar üçün əhəmiyyətli ola bilər.
Biz əsasən, Nadir ağaclar parkının tədqiqat üçün istifadə oluna biləcəyini düşünürük. Artıq park insanların diqqətini cəlb etməyə başlayıb. Botaniklərimizin, tələbələrimizin bu parkı ziyarət etməsində maraqlıyıq. Bakı Dövlət Universitetinin Botanika fakültəsinin auditoriyalarından Nadir ağaclar parkı görünür. Botanika tələbələrinin burada, açıq havada dərs keçməsi, ağaclarla tanışlığı üçün imkanlar var. Hətta ağacların aralarında oturacaqların qoyulmasını da təmin edəcəyik.
Parkın saxlanması üçün müəyyən vəsait xərclənib və bu, davam edəcək. Aqrotexniki qulluq, torpağın sağlamlaşdırılması, parkın abadlaşdırılması, ağacların dərmanlanması, mühafizəsi, suvarma və s. işlər həyata keçirilir. Bütün bunlar elə də böyük vəsait tələb etmir. Həmin ağaclar qış aylarında da soyuğa dayana biləcək”.
Nadir ağaclar parkında reportajımızı hazırlayarkən diqqətimizi onun düz yanındakı, istifadə olunmayan basketbol stadionu da çəkdi. İradə xanımdan bu barədə soruşduqda stadionun köhnə olduğunu, ləğv edilə biləcəyini dedi. Lakin stationun bir az təmir edilib, bağlı formada istifadəsi əslində daha yaxşı olardı. Bu həm o ərazinin gözdən uzaq, diqqətdən kənar qalmamasına, həm də parkı ziyarət edən gənclərin məşğuliyyəti üçün əlavə şərait yaranmasına da səbəb olardı.
Ümumi təəssüratımıza gəldikdə isə ideya və təşəbbüs çox təqdirəlayiq olsa da, Nadir ağaclar parkının aktiv ziyarət məkanına çevrilməsi üçün hələ çox işlər görülməsinə ehtiyac var. AMEA şəhərciyindəki yaşıllıq ərazi, demək olar, bütün Bakı sakinlərinin sevdiyi, dincəlmək üçün ağlına gələn ilk məkanlardan biridir. Nadir ağacların da bu sırada hər kəsin diqqətini çəkən park olacağına inanırıq.