"Ermənistanın törətdiyi ekoloji terror nəticəsində ciddi fəsadlarla qarşılaşırıq. İşğal dövründə 54 min hektardan artıq meşə sahəsi məhv edilib. Meşələrin bərpası, ekosistemə dəymiş ziyanın aradan qaldırılması istiqamətində ciddi işlər görülür".
"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev "Mina Təhlükəsi ilə Mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” adlı 2-ci beynəlxalq texniki tədbir çərçivəsində baş tutan "Mina Təmizləmələrində Ətraf Mühitin İdarə Edilməsi: Mina təhlükəsi və Mina Təmizləmə fəaliyyətlərində ətraf mühitə təsir" adlı paneldə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, artıq Zəngilan, Cəbrayıl, Füzuli rayonlarında təmizlənmiş ərazilərdə meşəbərpası işlərinə başlanıb: "Meşəbərpa işlərinin daha böyük ərazilərdə aparmaq əsas məqsədimizdir. Qubadlı, Arazboyu, Laçın və digər ərazilərdə biomüxtəlifliyin bərpası uzunmüddətli prosesdir. Məhv edilmiş ekosistemin bərpası üçün Cəbrayıl rayonunda meşəyə ceyranlar buraxılıb. Mina problemi həll olunduqca müvafiq ərazilərdə fauna növlərinin artırılması işləri genişləndiriləcək. Yanğınların baş verdiyi ərazidə ekoloji mühitə ciddi ziyan dəyir. Aparılan araşdırmalar göstərir ki, işğaldan azad edilmiş ərazilərdə böyük yanğınlar törədilib, ona görə də ekosistemin bərpası vaxt tələb edir".