Umayra Tağıyeva: "Azərkosmos"la birgə tədbirlər planı hazırlanır

Umayra Tağıyeva: "Azərkosmos"la birgə tədbirlər planı hazırlanır Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərkosmosla birgə tədbirlər planı hazırlayır.
Ekologiya
5 Aprel , 2024 13:27
Umayra Tağıyeva: Azərkosmosla birgə tədbirlər planı hazırlanır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyi ilə ("Azərkosmos") birgə tədbirlər planı hazırlayır.

“Report” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva “İqlim dəyişikliyinə kosmosdan baxış” tədbirində deyib.

O, nazirliyin "Azərkosmos"la tədbirlər planı çərçivəsində sıx əməkdaşlığı davam etdirəcəyini söyləyib:

"Bu gün peyk məlumatları əvəzsiz bir informasiya mənbəyinə çevrilib. Bu məlumatların xüsusilə iqlim dəyişmələri, ətraf mühitin çirklənməsi, daşqınların proqnozlaşdırılması, meşə yanğınlarının izlənilməsi, toz fırtınalarının mənbələrinin müəyyən olunması və proqnozların verilməsi sahəsində mühüm rolu var. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) Azərbaycan pavilyonunda "Azərkosmos"un təmsil etdiyi guşə çox böyük maraq doğurdu. Həmçinin Azərbaycan peyklərə malik ölkə kimi böyük rəğbətlə qarşılandı. Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) da bu sahə öz layiqli yerini tutacaq".

U.Tağıyeva həmçinin bildirib ki, COP-un əsas mövzulardan biri də su ehtiyatlarının vəziyyəti ilə bağlıdır:

"Planetimiz su qıtlığı ilə üzləşir və biz də bu platformada "Azərkosmos"la birgə tədbirlərin keçirilməsində çox maraqlıyıq. Dünyanın qapalı su hövzələrində olan vəziyyət, gözlənilən risklər əsas mövzulardan biri kimi müəyyən olunub və şübhəsiz ki, "Azərkosmos"la bu sahədə də çox sıx əməkdaşlıq edəcəyik”.

Son xəbərlər

Orphus sistemi