Nazir müavini: "Azərbaycan Xəzərin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır"

Nazir müavini: "Azərbaycan Xəzərin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır" "İqlim dəyişmələri son 30 il ərzində Xəzər dənizinin hövzəsində özünü daha həssas şəkildə göstərib. Bunun nəticəsində Xəzər dənizinin sahil boyunda yaşayan əhali ciddi iqlim dəyişmələrinin, dənizin su səviyyəsinin tərəddüdünün, sel və quraqlıqların mənfi
Ekologiya
5 İyul , 2022 11:51
Nazir müavini: Azərbaycan Xəzərin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır
Rauf Hacıyev

"İqlim dəyişmələri son 30 il ərzində Xəzər dənizinin hövzəsində özünü daha həssas şəkildə göstərib. Bunun nəticəsində Xəzər dənizinin sahil boyunda yaşayan əhali ciddi iqlim dəyişmələrinin, dənizin su səviyyəsinin tərəddüdünün, sel və quraqlıqların mənfi təsirlərinə daha çox məruz qalıblar".

"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, Azərbaycanın bütün ərazisində bu müddət ərzində yağıntının miqdarı nəzərə çarpacaq dərəcədə azalıb:

"Bunun müqabilində isə orta aylıq temperaturun yüksəlməsi gözlənilir. İqlim dəyişmələri səbəbindən Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi region üçün potensial təhlükəyə çevrilib. Dənizə tökülən çayların suyunun azalması yağıntıların miqdarının azalması ilə bərabər, həm də çay sularından kənd təsərrüfatının artan təlabatının ödənilməsinə yönəldilməsi ilə də izah edilir".

O qeyd edib ki, Xəzər dənizinin ətraf mühitinin bugünkü vəziyyəti ilə əlaqədar bütün sahilyanı dövlətlər narahatlıq keçirir:

"Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üzrə komissiya çərçivəsində Xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyəti davam edir.

Beləliklə, Xəzər dənizinin ekoloji problemlərinin həlli regional əhəmiyyət kəsb etdiyinə görə Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazasının möhkəmlənməsinə xüsusi diqqət yetirilir. Bununla əlaqədar hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində sazişlər imzalanıb və qüvvəyə minib".

"İlin sonunda Bakıda “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının tərəflərinin VI konfransının, eləcə də oktyabr ayında Xəzər dənizinin hidrometeorologiyası üzrə Koordinasiya Komitəsinin növbəti - 6-cı sessiyasının keçirilməsi nəzərdə tutulub. Dənizin səviyyəsinin dəyişməsi uzun illərboyu müşahidə edilir və təəssüf ki, səviyyənin aşağı düşməsi dinamikası narahatlıq doğurur. İnanırıq ki, ekoloji fəlakətin səbəblərinin aşkar edilməsi və Xəzərin bundan sonrakı dayazlaşmasının qarşısını almağa yönəlmiş tədbirlərin müəyyənləşdirilməsində bu konfransda aparılacaq müzakirələr nəticə etibarı ilə müəyyən qədər öz töhfəsini vermiş olacaq" - R.Hacıyev vurğulayıb.

Son xəbərlər

Orphus sistemi