Bakı. 4 oktyabr. REPORT.AZ/ “Hazırda Azərbaycan ərazisində cənub hava kütlələri hakimdir. Bu səbəbdən də hava şəraiti müşahidə olunduğu kimi mülayimdir”.
Bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, iqlimşünas Məhərrəm Həsənov deyib.
İqlimşünas bildirib ki, oktyabr ayının ilk ongünlüyündə ölkə ərazisində temperaturun qəfildən azalması gözlənilmir: “Müşahidə olunan hava şəraiti həftə sonuna qədər davam edəcək. Yaxın günlərdə orta günlük temperaturun 16-17 dərəcədən aşağı düşməsi ehtimal olunmur. Günorta isə havanın temperaturu 26-27 dərəcəyədək qalxacaq. Həftənin sonuna qədər ölkə ərazisində, xüsusən Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti hökm sürəcək, yəni daşqınlara, sürüşmələrə səbəb olan güclü yağıntı olmayacaq. Dağlıq ərazilərdə Qəbələ, Şəki istiqamətində həftə sonu az miqdar yağıntının düşməsi mümkündür”.
Sentyabr ayının son ongünlüyündə olan yağıntılı hava şəraitinə münasibət bildirən iqlimşünasın sözlərinə görə, güclü yağışlara ölkə ərazisinə Atlantik okeanın üzərində olan hava kütlələrinin qəfildən daxil olması səbəb olub: “Bu dövrdəki yağışın kənd təsərrüfatına elə bir mənfi təsiri olmur”.