Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov dünyanın ekoloji təhlükə ilə üzləşdiyini deyib.
"Report" xəbər verir ki, S.Qurbanov bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı Beynəlxalq Bakı Forumunda danışıb.
O bildirib ki, bu gün dünya ekoloji təhlükə ilə üzləşib: "Artıq həyəcan təbili çalınır. Bir çox dövlət su resurslarının tükənəcəyini, quraqlığın başlayacağını bildirir. Amma onlar unudurlar ki, bunun əsas səbəblərindən biri minalardır".
Deputat qeyd edib ki, minalar təkcə insanları fiziki şəkildə öldürmür, həm də ekologiyaya ziyan vurur: "Dünya dövlətləri bir tərəfdən bu təhlükədən danışır, digər tərəfdən də Fransa kimi dövlətlər Ermənistanı silahlandırır. Bu, ikili standartlardır".
S.Qurbanov əlavə edib ki, Azərbaycanın çox nadir heyvanları da mina terrorunun qurbanı olub: "Bu, bəşəri dəyərlərə hörmətsizlikdir. Bunu dünya dövlətləri özləri edir".
"Azərbaycan BMT-nin qəbul etdiyi, amma icra edə bilmədiyi qətnamələri yerinə yetirən ölkələr səviyyəsinə qaldırdı. İndi Azərbaycan gücünü dünyanın bərpasına istiqamətləndirməlidir. Bunun əsas yolu Prezident İlham Əliyevin siyasəti ətrafında birləşməkdir. Bu gün Azərbaycanın əsas məqsədlərindən biri Qərbi Azərbaycana qayıdışdır", - Komitə sədri vurğulayıb.