Azərbaycanın milli parklarının tanıtımı ilə bağlı hər ay tədbirlər keçiriləcək - YENİLƏNİB

Azərbaycanın milli parklarının tanıtımı ilə bağlı hər ay tədbirlər keçiriləcək - YENİLƏNİB Dənizkənarı Milli Parkda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə “Azərbaycanın milli parklarının tanıtımı” adlı tədbir keçirilir.
Ekologiya
22 İyun , 2024 17:36
Azərbaycanın milli parklarının tanıtımı ilə bağlı hər ay tədbirlər keçiriləcək - YENİLƏNİB

Dənizkənarı Milli Parkda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə “Azərbaycanın milli parklarının tanıtımı” adlı tədbir keçirilir.

"Report" xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanın milli parklarının tanıtımı ilə bağlı hər ay tədbirlərin keçirilməsi nəzərdə tutulur.

O qeyd edib ki, əsas məqsəd yerli və xarici turistlərin maarifləndirilməsi, milli parklara səfərlərinin təşkilinin artırılmasıdır:

"Bilirsiniz ki, “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 tədbirinə hazırlıq çərçivəsində bu kimi tədbirlər aktualdır. Ona görə vətəndaşların və əcnəbi turistlərin Azərbaycan flora və faunası ilə yaxından tanışlığı daha geniş olmalıdır".

"Azərbaycanın milli parklarının tanıtımı" tədbirinin təşkilatçılarından olan “EkoSfera” Sosial Ekoloji Mərkəzinin rəhbəri Firuzə Sultanzadə isə söyləyib ki, tədbirin əsas məqsədi Azərbaycanın flora və faunası, təbiətin qorunması, biomüxtəlifliyin mühafizəsi ilə bağlı gənclərin, yeniyetmələrin maarifləndirilməsidir:

"Bu il Azərbaycanda keçiriləcək COP29 tədbiri bütün ölkə üçün kifayət qədər əhəmiyyətli olacaq. Ölkəmizə gələcək yerli turistlər üçün Azərbaycanın flora və faunası çox maraqlıdır. Ona görə də, tərəfimizdən bu istiqamətdə məlumatlandırma, əcnəbilərə Azərbaycan təbiətinin təbliği istiqamətində işlər nəzərdə tutulur".

Ümumdünya Təbiəti Mühafizə Fondunun Almaniya ofisinin biomüxtəlifliyin mühafizəsi üzrə əməkdaşı Aurel Heydilberq isə Bakıya istirahət üçün gəldiyini və "Azərbaycanın milli parklarının tanıtımı" tədbirinin onun diqqətini çəkdiyini söyləyib:

"Azərbaycanın flora və faunasının bu qədər zəngin olması açığı, məni təəccübləndirdi. Müxtəlif landşaftların bu coğrafiyada harmoniyası maraqlı və eyni zamanda cəlbedicidir. COP29 tədbirinin Azərbaycanda keçirilməsi də dövlətinizin iqlim dəyişikliklərinə həssas yanaşdığını, biomüxtəlifliyin qorunmasına diqqət etdiyini göstərir. COP29-da özüm iştirak edə bilməyəcəm, amma çalışdığım Ümumdünya Təbiəti Mühafizə Fondu geniş tərkiblə burada olacaq".

16:28

Dənizkənarı Milli Parkda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə “Azərbaycanın milli parklarının tanıtımı” adlı tədbir keçirilir.

"Report" xəbər verir ki, “Biomüxtəliflik - təbiətin harmoniyası” devizi altında keçirilən tədbirdə vətəndaşlar milli parkların tanıtımını əks etdirən stendləri gəzərək Azərbaycandakı milli parklarla virtual tanışlıq imkanı əldə edirlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, tədbirdə milli parklara aid videoçarxlar nümayiş etdirilir, milli parklarda fəaliyyət göstərən ekoturizm marşrutları, xüsusi mühafizə olunan təbiət ərazilərinin flora və faunasına aid tanışlıq guşələri yer alır, həmçinin ziyarətçilərə milli parklarda asudə vaxtlarını necə maraqlı keçirə biləcəkləri haqqında məlumat verilir.

Eyni zamanda, tədbirdə interaktiv zona da yaradılıb. Burada həvəskar rəssamlar və könüllülər milli parklara aid rəsmlər çəkir, iştirakçılar arasında ekoviktorina, “Ekosfera” sosial-ekoloji mərkəz tərəfindən müxtəlif interaktiv oyunlar təşkil olunur. Qaliblər ekoçanta, ətraf mühitin mühafizəsinə aid kitab və milli parklara giriş bileti ilə mükafatlandırılacaq.

Son xəbərlər

Orphus sistemi