Əkin mövsümü ilə əlaqədar Ağcabədi, Bərdə, Sabirabad, Şəki, Göygöl, Quba, Şabran, Tovuz, Şəmkir, İsmayıllı, Oğuz, Lənkəran və Cəlilabad rayonlarının meşə fondu torpaqlarının açıq sahələrində bugünədək, ümumilikdə 203 hektar ərazidə torpaq hazırlığı işləri aparılıb.
"Report" xəbər verir ki, bu barədə Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib.
Onun sözlərinə görə, payız əkin planına uyğun olaraq meşə sahələrində hər bölgənin torpaq-iqlim şəraitinə uyğun Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilmiş palıd, fıstıq, vələs, ağcaqayın, qarağac, çinar, cökə, göyrüş və digər müxtəlif cinsli ağaclar əkiləcək və toxumlar səpiləcək.
Xidmət rəsmisi qeyd edib ki, hazırda aparılan torpaq hazırlığı işləri ilə yanaşı Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində aqrotexniki qaydalara uyğun olaraq xidmət, suvarma işləri aparılır, tinglərə üzvi və mineral gübrələr verilir: “Tinglik sahələrində yetişdirilən tinglərdən 1,5 milyonu payız əkin mövsümündə meşəbərpa tədbirlərində istifadə olunacaq”.