Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanan əməkdaşlığa dair memoranduma əsasən Nərimanov rayonu ərazisində növbəti ağacəkmə aksiyası keçirilib.
"Report" xəbər verir ki, mövcud karantin qaydalarının tələblərinə uyğun olaraq təşkil edilmiş aksiyada icra qurumlarının əməkdaşları və İctimai Birliyin könüllüləri iştirak ediblər.
İlk növbədə ağacların əkilməsi üçün nəzərdə tutulan ərazi daş və digər tullantılardan təmizlənib, əkiləcək ağacların suvarılması və onlara qulluq göstərilməsi məsələləri həll edilərək, əkin üçün hazır vəziyyətə gətirilib, paytaxtın iqlim şəraitinə uyğun olaraq seçilən 600 ədəd müxtəlif növ ağac əkilib.
Qeyd edək ki, mövsümün sonuna qədər həmin ərazidə 3 000 ədəd yeni ağacın əkilməsi və bu kimi aksiyaların paytaxtın digər ərazilərində də davam etdirilməsi nəzərdə tutulub.
Son illər ərzində ölkədə yaşıllaşdırılma və ətraf mühitin mühafizəsi ilə bağlı geniş tədbirlər həyata keçirilir, abadlaşdırma işləri aparılır ki, bu aksiya da paytaxtda yaşıllıq zolaqlarının salınması və ekoloji tarazlığın bərpası istiqamətində görülən işlərin davamıdır.
Bundan sonra da Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi arasında mövcud əməkdaşlıq çərçivəsində birgə tədbirlərin icrası davam etdiriləcək.