Artıq bir müddətdir ki, paytaxt Bakının bir sıra ərazilərində xeyli əvvəl əkilən Eldar şamlarının quruması baş verir.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, məsələ ilə əlaqədar bir müddət əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, AMEA-nın Botanika İnstitutu və Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin, Azərbaycan Qida Təhlükəsizlıyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə xüsusi komissiya yaradılıb.
Müəyyən edilib ki, Abşeron yarımadasında mövcud Eldar şamlarının bir hissəsi sürətlə yayılan göbələk xəstəliyinə tutulub. Bu kimi hallar tək ölkəmizdə deyil, qonşu Gürcüstanda da geniş şəkildə baş verib. Komissiyanın ilkin rəyinə görə xəstəliyin başqa ağaclara keçməsinin qarşısının alınması və yaşıllıq sahələrinin qorunması üçün bu ağaclar çıxarılaraq utilizasiya edilməlidir. Ekologiya və Təbbi Sərvətlər Nazirliyi tərəfindən artıq belə qərar qəbul edilib.
Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Komisiya yaradılıb və xüsusi proqram hazırlanıb. Problemin aradan qaldırılması üçün birinci növbədə xəstə, qurumuş ağaclar çıxarılaraq utulizasiyaya göndərilir və eyni zamanda digər ağacların qorunması üçün onlar tərkibində mis olan xüsusi dərman preparatları ilə dezinfeksiya edilir.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi, digər aidiyyatı qurumlarla birgə paytaxtın bütün rayonlarında genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə başlanılıb. Utilizasiya edilən ağacların yerinə əkin mövsümündə yeni ağaclar əkiləcək.
Qeyd edilməlidir ki, paytaxtın bütün ərazilərində xəstə, qurumuş, utulizasiya ediləcək ağacların siyahısı hazırlanıb və mərhələli şəkildə bu işlər Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən həyata keçiriləcək.