Bakıda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib.
“Report” xəbər verir ki, tədbir çərçivəsində tullantı təhvil verərək təbiətə töhfə verən vətəndaşlara müxtəlif növ ekoçanta, kitab, məktəb ləvazimatları, milli parklara bilet və digər hədiyyələr təqdim olunub.
Eyni zamanda festivalda maraqlı viktorinalar, müxtəlif müsabiqələr təşkil edilib.
Tədbirlə bağlı jurnalistlərə açıqlama verən nazirliyin sektor müdiri Səyyarə Məmmədova söyləyib ki, tullantıların düzgün istifadə olunmaması əsas ekoloji problemlərdəndir:
“Bu festivala maraq böyükdür. Məqsəd həm maarifləndirmə, həm də tullantılardan düzgün istifadə ilə bağlı vərdişlərin yaradılmasıdır. Festival çərçivəsində yığılan tullantılar təkrar emala göndəriləcək və ya utilizasiya olunacaq”.
Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbir tullantıların qarşısını almaq, resurslardan daha səmərəli istifadə etmək, tullantıları mənbəyində toplayıb təkrar emal etmək, ictimaiyyəti tullantıların düzgün idarə olunmasına stimullaşdırmaq məqsədilə keçirilib.