Bakı. 11 sentyabr. REPORT.AZ/ Azərbaycan ərazisi dəniz səviyyəsinin yüksəlməsindən ən çox kiçilmiş 10 ölkədən biridir.
"Report" "Eco Watch"a istinadən xəbər verir ki, bu barədə Dünya İqtisadi Forumunun Dünya Bankının məlumatlarına əsaslanan bəyanatında deyilir.
Araşdırma ərazisi 1961-ci ildən 2017-ci ilə qədər dəniz səviyyəsinin yüksəlməsi ilə kiçilən 37 ölkəni əhatə edir.
Dəniz səviyyəsinin qalxmasından ən çox əziyyət çəkən ölkə Karib dənizində yerləşən Sent Kits və Nevis adalarıdır. 1961-ci ildən bəri adıçəkilən ölkənin ərazisi məlum səbəbə görə 90 kvadrat kilometr azalıb və bu, federasiyanın torpaq sahəsinin, təxminən, dörddə biridir. Siyahıda ikinci yerdə torpaq sahəsinin 10,29%-ni - təqribən, 28,4 kvadrat kilometr ərazini itirən Ekvador qərarlaşıb. Vyetnam torpaq sahəsinin 4,74%-ni itirməklə üçüncüdür.
"Top-10"da yer alan digər ölkələr ərazisinin 2%-dən az hissəsini itirib: Bolqarıstan (1,87%), Seyşel adaları (1,09%), Kuba (0,89%), İsveç (0,73%), İraq (0,7%), Azərbaycan (0,67%), Salvador (0,62%) və Yaponiya (0,58%).