Tbilisidə Şota Rustavelinin 850 illiyinə həsr olunmuş konfrans keçirilir - FOTO

Tbilisidə Şota Rustavelinin 850 illiyinə həsr olunmuş konfrans keçirilir - FOTO Tədbirdə Azərbaycan nümayəndə heyəti də təmsil olunur
Ədəbiyyat
4 Noyabr , 2016 14:00
Tbilisidə Şota Rustavelinin 850 illiyinə həsr olunmuş konfrans keçirilir - FOTO

Tbilisi. 4 noyabr. REPORT.AZ/ Tbilisidə XII əsr gürcü xalqının dahi şairi, Gürcüstan ədəbiyyatının böyük yazıçılarından biri Şota Rustavelinin anadan olmasının 850-ci ildönümünə həsr olunmuş beynəlxalq konfrans işə başlayıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, iki gün davam edəcək konfransda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.

Tədbiri Ş.Rustaveli adına Gürcüstan Ədəbiyyat İnstitutunun direktoru İrma Ratiani açaraq şairin yaradıcılığından söz açıb. İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru Georgi Şervaşidze, Gürcüstan Milli Akademiyasının vitse-prezidenti, akademik Roin Metreveli və başqaları da çıxışlarında Ş.Rustavelinin yaradıcılığına nəzər salıblar.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibəyli isə çıxışında Azərbaycan ilə Gürcüstan arasındakı mədəni, elmi əlaqələrdən danışıb: "Biz ədəbiyyat və elm xadimləri olaraq bu münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlimizdən gələni etməliyik". Akademik Şərq intibah dövrünün formalaşmasında XII əsr gürcü xalqının yazıçısı Ş.Rustaveli və dahi Azərbaycan şairi Nizami Gəncəvinin xidmətlərini xüsusi qeyd edib. Daha sonra İsa Həbibbəyli konfransın təşkilatçılarına Bakı şəhərinin neftlə, nəfis şəkildə çəkilmiş portretini hədiyyə edib.

AMEA-nın vitse-prezidenti "Report"a açıqlamasında deyib ki, Azərbaycan və Gürcüstan mədəni əlaqələrinin qədim və zəngin tarixi var: "Bu gün Tbilisidə Şota Rustavelinin anadan olmasının 850 illiyinə həsr olunmuş tədbirdə Azərbaycan nümayəndə heyəti də təmsil olunur. Bu da mədəni, elmi əlaqələrimizin müstəqillik illərində inkişafının bariz nümunəsidir. Azərbaycan alimləri bu konfransda Ş.Rustaveli irsinin ölkəmizdə də öyrənilməsi, əsərlərinin tərcümə edilməsi və yayılmasından bəhs edəcəklər. Eyni zamanda, Nizami Gəncəvi ilə Ş.Rustavelinin Şərq intibahının formalaşmasındakı misilsiz xidmətlərindən, aparılan təhqiqatların nəticələrindən danışılacaq. Bütövlükdə bu konfrans AMEA ilə Gürcüstan Milli Akademiyası arasında əlaqələrin daha da genişlənməsinə, eləcə də bu ölkədəki müxtəlif elm ocaqları ilə münasibətlərin formalaşmasına müsbət təsir göstərəcək, yeni addımlar atılacaq. Biz Gürcüstan Ədəbiyyat İnstitutu ilə AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutu arasında imzalanmış müqavilənin şərtlərinə uyğun olaraq Qurban Səidin “Əli və Nino” əsərinə həsr olunmuş konfransın keçirilməsi barədə də razılıq əldə etmişik. Bu konfransda da nəzərdə tutduğumuz yeni tədbirə hazırlıq işləri müzakirə olunacaq. Bundan başqa, Azərbaycan ədəbiyyatının müstəqillik illərində keçdiyi inkişaf yolu, qazanılan uğurlarımız barədə də gürcü ictimaiyyətinə məlumatlar verəcəyik”.

Gürcüstan Elmlər Akademiyasının üzvü, professor Avtandil Arabuli isə deyib ki, bu gün Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələr digər sahələrdə olduğu kimi daha da genişlənir, inkişaf edir: "Azərbaycan nümayəndə heyətinin Şota Rustavellinin anadan olmasının 850 illiyinə həsr olunmuş tədbirdə iştirakı buna nümunədir. Azərbaycanlı alimlər burda çıxış edir, Ş.Rustavelivinin yaradıcılığını təhlil edir, dahi Azərbaycan şairi Nizami Gəncəvi yaradıcılığı arasında paralellər aparırlar. Bu, bizi çox sevindirir. Hesab edirəm ki, biz bu əlaqələri daha da inkişaf etdirməliyik. İndiki və gələcək nəsillər üçün mədəni irsimizi qoruyub saxlamalıyıq və inkişaf etdirməliyik. Qonşu, dost və qardaş Azərbaycan tərəfindən bizim ədəbiyyatımıza, xalq yaradıcılığımıza böyük qiymət verilib. Xalqlarımız arasındakı münasibətlər, xüsusilə ədəbiyyat və mədəniyyət sahəsindəki əlaqələrimiz digər xalqlar üçün də nümunədir”. 

Son xəbərlər

Orphus sistemi